MEDİA-da onlayn konfrans keçirilib

14:29 12.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Medianın İnkişafı Agentliyi tərəfindən “Media etikası - jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrans keçirilib.

 

Hafta.az-ın məlumatına görə, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov konfransın Azərbaycanın bütün media subyektlərini əhatə etdiyini, o cümlədən diqqətdən kənarda qalmış region mediasının da prosesə cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir.

 

 

 

Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov deyib ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir: “Özəl televiziyalarla bağlı bəzən iradlar gəlir. Bu iradlar bəzən haqlı, bəzən haqsız olur. Bununla bağlı redaktorlarla, baş redaktorlarla danışırıq. Yaxşı olardı ki, belə halların sayı azalsın, ümumilikdə jurnalistlər, redaktorlar, sayt rəhbərləri özləri bunu tənzimləsin”.

 

MTRŞ-nın Aparat rəhbəri Fazil Novruzov medianın bütün proseslərə təsir etdiyini bildirib. Onun sözlərinə görə, ənənəvi medianın bir sıra prinsipləri yeni mediada işləmir: “Bu proses bütün dünyada gedir. Son 20 ildə bütün dünyada media qanunvericililik sahəsinin təkmilləşdirilməsinə ehtiyac duyulur. Media qanunvericiliyi medianın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Ənənəvi media peşəkar olmasına baxmayaraq, daha az operativliyi ilə yeni mediaya bir az uduzur. Onlayn mediada isə peşəkarlıq müəyyən qədər yerini kəmiyyətə verir ki, bu da keyfiyyətin azalmasına səbəb olur. Kəmiyyət keyfiyyəti keçəndə fake xəbər, nifrət nitqi kimi neqativ hallar ortaya çıxır. Bu səbəbdən aparıcı dövlətlərdə belə media sahəsinin tənzimlənməsinin nə qədər vacib olduğu ortaya çıxır. Media özünü tənzimləməli, yaşatmalı və inkişaf etdirməlidir”.

 

MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, cəmiyyət qarşısında məsuliyyət daşıyan jurnalist işinə hörmətlə yanaşmalı, təmsil etdiyi orqanı təhlükə qarşısında qoymamalı, etik normaları gözləməlidir. N. Məmədli deyib ki, cəmiyyətdə nüfuzu olan ciddi jurnalist jurnalistikanın etik kodeksində yazılanlara söz kimi baxmır, buna gündəlik fəaliyyətində əməl edir: “Media əxlaqından kənarda olan jurnalistika deyil, kobud propaqandadır. Biz öz prinsiplərimizə sadiq qalaraq faliyyət göstərmək deyəndə etik kodeksə əməl etməyi nəzərdə tuturuq. Jurnalist buna əməl etməyəndə ciddi medianın narazılığına da tuş gələ bilər. Bu zaman o, həm həmkarlarına, həm də ictimai dəstəyi itirə bilər. İstənilən media üçün ən vacib məsələ inamdır, bizim yazıdığımıza cəmiyyət inanmalıdır, səsimizi cəmiyyət eşitməlidir”.

 

Sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Beynəlxalq jurnalistikada peşə etikası” mövzusunda təqdimatla çıxış edib.

 

Onlayn konfrans geniş müzakirələrlə davam edib, bir sıra təkliflər dinlənilib.

Oxunma sayı 29