Media savadlılığı qanunlara hörmətdir – Baş redaktor

13:42 17.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, dekabrın 16-dan 22-dək ölkəmizdə “Media Savadlılığı” Həftəsi nə start verilib. Həftə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət və özəl qurumların, akademik müəssisələrin, media və vətəndaş cəmiyyəti institutlarının tərəfdaşlığı ilə keçirilir.

SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev hafta.az-a bildirib ki, bu gün sosial şəbəkələr özünü media, sosial şəbəkə istifadəçiləri isə vətəndaş jurnalistikası nümayəndəsi kimi aparır. Bu səbəbdən müasir dövrdə əgər hər kəs jurnalist ola və informasiyanı ictimailəşdirə bilirsə, deməli media savadlılığı çox vacibdir.

“Savadsız media savadsız cəmiyyət deməkdir. Buna görə də medianın savadlılığı Azərbaycanda cəmiyyətin savadlılığı, ictimai şüurun savadlılığıdır. Eyni zamanda, qanunlara hörmətdir. Bu da bizim ailəmizdə yetişən gələcək nəsillərin sağlam və yüksək intellektuallı cəmiyyətə qovuşmasıdır".

Baş redaktor əlavə edib ki, günümüzdə sosial mediadan ciddi asılılıq var. İnsanlar çalışdığı peşədən asılı olmayaraq media ilə bu və ya digər şəkildə təmasdadırlar və bu təmas da çox vaxt insanların yanılmasına, yanıldılmasına gətirib çıxarır.

“Bu yanılma da ona görədir ki, media savadlılığı arzuolunan səviyyədə olmur. Ona görə də media savadlılığının artırılması üçün cəhdlərin göstərilməsi əlbəttə ki alqışlanmalıdır".