Media savadlılığına böyük əhəmiyyət vermək lazımdır - Rəfail Becanov

15:02 20.12.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Media savadlılığına böyük əhəmiyyət vermək lazımdır. Medianın İnkişafı Agentliyinin Media Savadlılığı Həftəsinə start verməsi bu baxımdan çox mühümdür. Bu, cəmiyyətin saflaşmasına, insan yetkinliyinə, inkişafına töhfə vermək istiqamətində görülən böyük bir işdir”.

Bunu hafta.az-a "Cümhuriyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri Rəfail Becanov bildirib.

Baş redaktor media savadlılığını informasiya texnologiyalarının indiki inkişaf dönəmində günümüzün aktual mövzularından hesab edib. O, media savadlılığının günümüzdə ön plana çıxdığını deyib.

R.Becanov qeyd edib ki, rəqəmsal dünyada saxta informasiya, kin, niftər dili geniş yayılıb. Bu hallar ayrı-ayrı fərdlərlə yanaşı bütövlükdə cəmiyyəti təhdid edir. Ona görə də maarifləndirmə işlərinə xüsusi diqqət ayrılmalı, informasiya təminatının sağlamlaşması üçün bütün mümkün texnoloji vasitələrdən istifadə olunmalıdır.

“Hər saniyə yeni xəbər, məlumatla qarşılaşırıq. Bu məlumatların dəqiqliyi, qərəzli olub-olmaması hamı tərəfindən birmənalı qarşılanmır. Elə insanlar var ki, hər hansı bir informasiyaya birmənalı olaraq inanır. Media savadlılığı olmayan şəxs məlumatı təhlil etmədən ya onu paylaşır, ya da şərh edir. Dezinformasiyanın cazibəsi o qədər böyükdür ki, daha tez yayılır. Bu da sonradan cəmiyyət, həmin məlumatın təsirinə düşən şəxsin özü üçün problem yarada bilər.

Media savadlılığına malik olanlar isə mənbənin nə qədər etibarlı olub-olmamasına xüsusi yanaşır və özü üçün həqiqəti üzə çıxarır. Bu, fərdin düşüncə tərzinin formalaşması, özünün yetkinliyi deməkdir”.

R.Becanov hesab edir ki, media savadlılığına həm də sağlam cəmiyyətin formalaşmasının bir elementi kimi baxılmalıdır. Onun fikrincə, cəmiyyətin informasiya təminatında olan çatışmazlıqlar aradan qalxmalıdır ki, media subyektləri saxta xəbərlərin, dezinformasiyaların qarşısını ala bilsin.