Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” proqramına başlayır

15:54 31.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) “Media könüllüləri” proqramına başlayır.

Agentlikdən hafta.az-a verilən məlumata görə, proqramın məqsədi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün MEDİA və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur.

“MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.

Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün sahə üzrə təhsil, intizamlılıq, təşkilatçılıq, kollektivdə işləmək bacarığı, operativlik, kompüter bacarığı, təşəbbüskarlıq kimi tələblər müəyyən olunub.

“MEDİA könüllüləri” proqramı 2 ay müddətində davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər proqramın sonunda MEDİA tərəfindən sertifikatla təltif olunacaqlar. Müraciət üçün son qeydiyyat tarixi 5 sentyabrdır. Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://media.gov.az/volunteer linkinə daxil olaraq qeydiyyatdan keçməlidir. Əlavə suallar üçün: [email protected]

Oxunma sayı 80