Meksika hökuməti ən azı 2 min miqrantın qaçaqmalçı qruplar və narkotik kartelləri tərəfindən oğurlandığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, hökumət bildirib ki, qaçaqmalçı qruplar və narkotik kartelləri 2022-ci ildə 2 mindən çox miqrantı qaçırıb. Bəyanatda banda və kartellərin Meksika sərhədlərini keçmək istəyən mühacirlərdən getdikcə daha çox rüsum alması və sonra pul müqabilində immiqrantları qaçırması barədə məlumatlar yer alır.
Meksika Milli İmmiqrasiya Agentliyi təhlükəsizlik qüvvələrinin keçən il müxtəlif əməliyyatlar zamanı quldur dəstələri tərəfindən qaçırılan 2115 immiqrantı tapdığını və sonra onları sərbəst buraxdığını açıqlayıb.
Qaçırılan mühacirlərin yaxınları bildiriblər ki, dəstələr və kartellər onlara zəng edərək 2500 dollar pul tələb ediblər.
Meksika rəsmilərinin bildirdiyinə görə, son aylar ölkədə mühacirlərin kütləvi qaçaqmalçılığı hallarında artım müşahidə olunub.