Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu paytaxtda koronavirusdan müalicə aldığı klinikada vəfat edib.
Məktəblinin koronavirusa yoluxmasının ardından təhsil aldığı sinifdə tədris onlayn formata keçirilmişdi. Bəs görəsən, azyaşlının COVID-19-dan vəfatı həyəcan siqnalıdır? Hadisə məktəblərin yenidən bağlanmasına və tədrisin distant formaya keçirilməsinə səbəb ola bilərmi?
Məsələ ilə bağlı hafta.az-a danışan təhsil eksperti Elşən Qafarov deyir ki, məktəblinin vəfatı hər kəsi dərindən sarsıdan hadisə olsa da, vəziyyət tədrisin yenidən onlayn formatda təşkilinə qaytaracaq qədər ciddi deyil:
“Ölkədə 1 milyon 600 min şagird var. Onların tədrisinin ənənəvi olaraq davam etməsi təhsilləri üçün çox vacib məqamdır. Düşünürəm ki, məktəblinin koronavirusdan vəfat etməsi məktəblərin yenidən bağlanmasına və dərslərin onlayn formatda davam etməsinə səbəb olmayacaq. Ümumiyyətlə, məktəblərdə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq Təhsil Nazirliyindən çox valideynlərin üzərinə düşən vəzifələrdən biridir. Gərək hər bir valideyn diqqətli olsun. Bilmirik vəfat edən məktəblinin ailə üzvləri vaksin olunublar, ya yox. Məktəblinin ölümü hər birimizi dərindən sarsıtdı. Yoluxmanın ardından onsuz da həmin sinif onlayn tədrisə keçirilmişdi. Eləcə də digər məktəblərdə də yoluxma faktı qeydə alınan zaman dərslər həmin sinif üçün 14 gün müddətinə məsafədən tədris edilir”.
Növbəti müsahibimiz təhsil eksperti Kamran Əsədov bütün hallarda məktəblərin bağlanma ehtimalının gözlənilmədiyini bildirdi. Ekspertin sözlərinə görə, tədris prosesinin 22 və 29 sentyabr tarixlərindən etibarən bərpasından sonra, yoluxma hallarının olacağının, hətta bəzən təhlükəli xarakter alacağının proqnozu verilmişdi:
“Hal-hazırda ölkənin 4435 orta məktəbində 1,6 milyon, 51 ali təhsil müəsisəsində 186 min tələbə təhsil alır. Təbii ki, bu qədər şəxsin onlarla birlikdə yaxınlarının aktiv hərəkətdə olması yoluxma sayına təsir göstərməlidir. Çox təəssüfər olsun ki, bu gün ictimai nəqliyyatda və digər ərazilərdə ciddi sıxlıq müşahidə edilir. Sumqayıtda baş vermiş hadisə çox üzücüdür. Hər gün ölkədə 10-20 arası insan COVID-19-un qurbanı olur. Onların hər biri bizim üçün böyük itkidir. Hesab edirəm ki, ölkədə yoluxanlar arasında təhsil nümayəndələri yox deyəcək həddə azdır. Bu da ümumi yoluxmanın cüzi hissəsini təşkil edir. Buna görə tam qapanmaya getmək daha təhlükəli məqam ola bilər. Hazırda sözügedən səbəbdən qapanmaların olacağını güman etmirəm. Yalnız yoluxma olan məktəblərin qısa müddət ərzində bağlanmaq ehtimalı var. Fikrimcə bu, ən optimal variantdır”.
K.Əsədov məktəblərdə yoluxmanın azalması üçün bəzi tədbirlərin görülməsini zəruri hesab edir:
“Hesab edirəm ki bir neçə vacib addım atılmalıdır. Belə ki, məktəblər üçün xüsusi avtobuslar təşkil edilməli, metrolarda bir neçə vaqon yalnız şagird və tələbələrin daşınması üçün ayrılmalıdır. Bütün hallarda baş vermiş hadisə bizi qapanmaya məcbur etməməlidir. İlk olaraq hər kəs qoyulan qaydalara əməl etməli, vaksin olunmalıdır”.
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə koronavirusdan ölən şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb. Bu barədə Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt şəhər sakini Əsgərov Kamil İslam oğlu 09.10.2021-ci il tarixində saat 20:05-də təcili tibbi yardımla Sumqayıt şəhər Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Bu zaman xəstədə yüksək hərarət, boğulma, təngənəfəslik əlamətləri müşahidə olunub. İlkin diaqnoz “Kəskin bronxit, bronxospazm” təyin edilib, eyni zamanda xəstədən COVID-19 testi götürülüb və nəticə pozitiv olub. Həkimlərin təyin etdiyi son klinik diaqnoz COVID-19, ikitərəfli pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, alimentar piylənmə olub.
Oktyabrın 10-dan aparılan kliniki müalicə tədbirlərinə baxmayaraq, Kamil Əsgərov növbəti gün, yəni oktyabrın 11-də kəskin ürək-tənəffüs çatışmazlığından vəfat edib.
Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9-ci sinif şagirdi Kamil Əsgərov sonuncu dəfə oktyabrın 5-də dərslərdə iştirak edib. Həmin məktəbdə, həmçinin şagirdin oxuduğu sinifdə COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.
COVID-19 infeksiyasına yoluxmuş xəstələrdə alimentar piylənmənin olması, eləcə də qanda şəkər miqdarının yüksək olması xəstəliyin gedişatına çox mənfi və ağırlaşdırıcı təsir göstərir. Eyni zamanda, xəstə 5 gün müddətində xəstəxanaya müraciət etməməsi və ev şəraitində müalicə olunması gedişata mənfi təsir göstərib.
Cari epidemioloji vəziyyəti nəzərə alaraq bir daha valideynlərdən müvafiq tibbi göstərişləri olan 12 yaşdan yuxarı yeniyetmələri vaksinasiyaya cəlb etmələrini tövsiyə edirik. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası hər iki valideynin razılığına əsasən Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir.