İraqın baş naziri Məhəmməd Şiə əs-Sudani bir müddət əvvəl dövlət bankından oğurlanan 2,5 milyard dolların bir hissəsinin dövlətə qaytarıldığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, baş nazir bu barədə mətbuat konfransında deyib.
“Araşdırma aparan müvafiq komissiyalar oğurlanmış məbləğin 182 milyard dinarının (124 milyon 600 min dollar) qaytarılmasını təmin edib”, - o deyib. Sudani bildirib ki, bəzi dövlət qurumlarında çalışan şəxslər həmin pulların oğurlanmasına müxtəlif yollarla kömək ediblər.
Sudani, hazırda həbsdə olan Nur Zuheyrin oğurladığı bütün pulları geri qaytarması üçün məhkəmə tərəfindən zaminə buraxılacağını və bu şəxsin bütün pulları qaytarana qədər təhlükəsizlik qüvvələrinin nəzarətində qalacağını qeyd edib.
İraqın baş naziri bəyan edib ki, Züheyrin mühakiməsi bütün oğurlanmış pullar qaytarıldıqdan sonra davam etdiriləcək.
Qeyd edək ki, İraqda oktyabrın 16-da bir dövlət bankından Baş Vergi İdarəsinə aid 2,5 milyard dollarlıq əmanətin oğurlandığı iddia edilib. Maliyyə Nazirliyi bu iddialarla bağlı araşdırmaya başlamaq üçün Şəffaflıq Qurumuna rəsmi məktub göndərmişdi. Şəffaflıq Qurumu məsələ ilə bağlı araşdırmaya başlayıb və işi məhkəmə müstəvisinə qaldırıb.
Daxili İşlər Naziri Osman Qənimi oktyabrın 26-da verdiyi açıqlamada şübhəlilərdən Nur Züheyr adlı şəxsin öz təyyarəsi ilə xaricə qaçmağa cəhd edərkən hava limanında xüsusi təyinatlı qüvvələr tərəfindən tutularaq həbs edildiyini bildirib.