Mənzil sahibləri necə aldadılır?

15:44 13.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar paytaxt Bakıda yeni dələduzluq növü peyda olub. Belə ki, paytaxtda bir neçə sakin başına gələnlərin şokunu yaşayır. Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər. Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cür qanunsuz işlərin həyata keçirilməsi ilə məşğul olan şəbəkə mövcud imiş. Şəbəkənin ortada olan üzvləri isə əsasən əmlakçılardır. Bu şəxslər müxtəlif əmlak satışı saytlarından əldə etdikləri nömrələr vasitəsilə birbaşa mülk sahibləri ilə əlaqəyə girərək elanda göstərilən evləri uzun müddətə kirayəyə götürmək istədiklərini bildiriblər.

Qeyd edək ki, qanunsuz satılan evlərin əksəriyyəti Rusiya Federasiyasının Tümen vilayətində ayrı-ayrı notariuslar tərəfindən verilən baş etibarnamələrlə satılıb. Həmin saxta etibarnamələr hansısa şəkildə Rusiya Federasiyasının Notarial Xidmətinin elektron qeydiyyat sistemində də yerləşdirilib. Bakıda alqı-satqı zamanı da sistemdə bu sənədlər göründüyündən yerli notariat kontorları heç bir şübhə duymadan sövdələşməni həyata keçiriblər.

Bir müddət sonra bir neçə sakin evinin satıldığından duyuq düşərək alqı-satqını həyata keçirən notariusa üz tutub. Bundan sonra notarius da öz növbəsində baş etibarnamənin alındığı Tümen vilayətindəki notariat kontoruna sorğu göndərib və sənədin saxta olduğu müəyyənləşib.

Maraqlı olan odur ki, Rusiya Federasiyasının notariat sistemində görünən baş etibarnamənin saxta olduğu dəqiqləşdirildikdən sonra da həmin ev iki dəfə ayrı-ayrı şəxslərə satılıb.

Bəs, görəsən, bu necə baş verir? Mənzillərini kirayə verənlər belə situasiya ilə qarşılaşmamaq üçün hansı addımlar atmalıdırlar?

Məsələ ilə bağlı rieltor Mülkədar Rüstəmov bizimlə söhbətində bildirib ki, vətəndaşlar adətən rəsmi müqavilə bağlamadan mənzillərini kirayə verərkən aldadılırlar. Onun sözlərinə görə, bu dələduzluq əməli ilə xüsusi şəbəkə məşğul olur: “Vətəndaşlara tövsiyyə edirəm ki, mənzillərini kirayə verərkən mütləq notarial qaydada müqavilə bağlasınlar. Eyni zamanda, heç kimə etibarnamə verməsinlər. Çünki bəzi şəxslər onlara verilən etibarnamədən sui-istifadə edirlər”.

Onun fikrincə, əmlak sektorunda bu cür neqativ halların baş verməsi qanunvericilik bazasının olmaması ilə bağlıdır: “Azərbaycanda “Rieltor fəaliyyəti haqqında" qanununun qəbul olunması vacibdir. Yəni, bu sahədə çalışan insanların peşələrinə konkret olaraq ad verilməli, həmin adla da bu sahəni qəbul etmək lazımdır. Əmlakçı işləmək tək alıcı ilə satıcını birləşdirərək pul qazanmaqdan ibarət olmamalıdır. Bu sahədə çalışan insanlar həm öz sahəsinin analitiki olmalı, həm qiymətləndirməni bacarmalı, həm sənədləşmə işini və s. bilməlidir. Demək olar ki, bu günümüzdə bu sahədən anlayışı olan və olmayan təhsilli- təhsilsiz və s. insanlar bu sahədə çalışırlar. Məhz bu səbəbdən Azərbaycanın əmlak bazarı tamamilə çöküb, cəmiyyətimizin bu sahədə fəaliyyət göstərən şəxslərə inamı azalıb. Bu sahəyə inamı artırmaq, əmlak bazarında canlanma yaratmaq üçün “Rieltor fəaliyyəti haqqında" qanununun qəbulu mütləqdir”

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də hesab edir ki, bu kimi hallarla üzləşənlər dələduzların qurbanıdır: “Bunları törədənlər bir qrup xüsusi cinayətkar dəstələrdir. Onlar mənzili uzun müddətlik kirayə götürür və əmlak sahibi haqqında hərtərəfli araşdırma aparıb, məlumat əldə edirlər. Həmin şəxslə rəsmi müqavilə bağlanan zaman rəsmi müqavilədə ev sahibinin də şəxsiyyət vəsiqəsi qeyd edildiyinə görə, dələduzlar həmin məlumatlarla Rusiyanın hər hansı şəhərindəki öz adamlarına notarial qaydada etibarnamə alırlar, etibarnamənin kökü saxta olsa da, rəsmi portala işlənildiyinə görə aldadıcı ola bilir. Həmin etibarnamə ilə Azərbaycana qayıdıb, ya mənzili etibarnamə ilə satırlar, ya da öz adamlarından birinin adına keçirib, sonra satışa çıxarırlar”.

Onun sözlərinə görə, qurban olaraq adətən subay və tənha adamlar seçilir: “Əsasən həmin mənzillərdə qeydiyyatda başqa adamlar olmur. Çünki evli adamların əmlakını satmaq üçün onun həyat yoldaşının imzasını da əldə eləmək lazım gəlir. Ona görə də insanlar tələyə düşməmək üçün mənzil alanda mütləq vəkil məsləhəti ilə almalı, kirayə verdikləri mənzillərə isə tez- tez baş çəkməlidilər”.