Mərakeş kralı VI Məhəmməd zəlzələ qurbanlarına qan verib

11:18 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş kralı VI Məhəmməd dünən günortadan sonra Mərakeşdəki Universitet Xəstəxanasını ziyarət edib. Burada o, ötən cümə günü baş verən zəlzələdə xəsarət alanların sağlamlıq vəziyyətini araşdırıb.

Hafta.az-ın yazdığına görə, Kral VI Məhəmməd təbii fəlakətdən sonra səfərbər olan tibb qruplarının göstərdiyi səhiyyə xidmətlərinə baxış keçirib. Dövlət başçısı ziyarəti çərçivəsində zəlzələ qurbanları ilə tam həmrəyliyinin əlaməti olaraq qan verib.

Kral təşəbbüsü əl-Havuz bölgəsində zəlzələdən zərər çəkənlərin xilas edilməsi, onlara kömək göstərilməsi və bununla bağlı həyata keçirilən müxtəlif səylərin gücləndirilməsinə böyük dəstək verir. Təxminən 484-ü ağır olmaqla ümumilikdə 2171 yaralı Mərakeş-Safi bölgəsindəki xəstəxanalarda müalicə olunub və hazırda 248 nəfərin müalicəsi davam etdirilir.

Kral VI Məhəmmədin xəstəxanaya baş çəkməsi onun zəlzələ qurbanları ilə həmrəyliyinin konkret addımı kimi qiymətləndirilib. Mərakeşlilər bu addımı kral VI Məhəmmədin yaxşı və pis gündə xalqının yanında olduğunun göstəricisi kimi qəbul edib.