Mərakeşdə 5 milyon insan “Ramazan 1444” layihəsindən faydalanacaq

10:05 28.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Kralı VI Məhəmməd, vəliəhd şahzadə Mövlay Həsənin də qatıldığı toplantıda “Ramazan 1444” həmrəylik layihəsinin açılışını edib.

Hafta.az-ın yazdığına görə, VI Məhəmməd beş həmrəylik vəqfi tərəfindən Rabatın Salenin Sidi Moumen rayonunda Ramazan ayı münasibətilə təşkil edilən və bu il 5 milyon insanın faydalanacağı "Ramazan 1444" layihəsi ictimaiyyətlə paylaşılıb. 390 milyon dirhəm (39 milyon dollar) büdcənin ayrıldığı “Ramazan 1444” layihəsi bu il 83 rayon üzrə bir milyon ailəni əhatə edəcək. Hansı ki, ötən il bu layihədən cəmi 600 ailə faydalanmışdı.

Qeyd edək ki, layihədən faydalanacaq əhalinin 77 faizi kəndlərdə yaşayır.

Mərakeş Daxili İşlər Nazirliyi və Vəqf və İslam İşləri Nazirliyinin maliyyə dəstəyi ilə təşkil edilən layihə ən sıxıntılı sosial qruplara, xüsusilə də dul qadınlara, qocalara və problemli insanlara yardım göstərmək məqsədi daşıyan mühüm illik layihəyə çevrilib.

Bu prosesin rahat keçməsi üçün minlərlə insan sosial yardım təşkilatları və könüllülərin dəstəyi ilə ölkə səviyyəsində təsdiqlənmiş paylama məntəqələrində səfərbər olunacaq və ehtiyaclı ailələrə ərzaq yardımı çatdırılacaq. Layihənin icrasına xüsusi olaraq iki komitə nəzarət edəcək. Biri yerli, digəri isə regional xarakter daşıyacaq. Bu komitələr paylama mərkəzlərinin təchizatına nəzarət edəcək, layihədən faydalanacaq ailələri müəyyənləşdirəcək və ərzaq məhsullarının paylanmasını nəzarətdə saxlayacaq. Layihənin benefisiarlarının hər il müəyyən edilməsi prosesi yerli özünüidarəetmə orqanları tərəfindən aparılan sahə işlərinə tabedir və sosial-iqtisadi meyarlar əsasında bu insanların yaşayış şəraitinin və mövcud vəziyyətinin qiymətləndirilməsinə əsaslanır.

Eyni zamanda Kral Silahlı Qüvvələri, Milli Əməkdaşlıq, Milli İnkişaf və yerli hakimiyyət orqanları bu həmrəylik prosesinin düzgün işləməsini təmin etmək üçün Həmrəylik Fonduna dəstək verir. Bu həmrəylik prosesində iştirak edən könüllülərlə xatirə fotoşəkili çəkdirməzdən əvvəl Kral VI Məhəmməd “Ramazan 1444” layihəsi çərçivəsində yardım alacaq 10 ailəyə simvolik ərzaq məhsullarından ibarət səbət paylayıb. 1998-ci ildə ilk icrasından bu yana milli ərzaq dəstəyi layihəsi təxminən 2 milyard dirhəm (200 milyon dollar) büdcədən istifadə edib. 1998-ci ildə 34100 ailəyə yardım göstərildiyi halda, bu il faydalanacaq ailələrin sayı 1 milyona çatıb.