Mərkəzi Asiyanın dünyaya açılan qapısı

23:23 19.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son bir neçə ildə Azərbaycanın Mərkəzi Asiya regionu ilə ikitərəfli və çotərəfli formatlarda qarşılıqlı əlaqələri sürətlə inkişaf edir.  Bu tendensiya Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfər statistikasında açıq şəkildə göstərir. Belə ki, son iki ildə Prezident İlham Əliyevin sözügedən rejiona 16, qarşı tərəfin isə 15 səfəri reallaşıb. Bəs Azərbaycanı Mərkəzi Asiya üçün cəlbedici edən hansı məqamlardır? Yaxud, Mərkəzi Asiya regionunu Azərbaycanın xarici siyasət kursunda prioritet əməkdaşlıq istiqamətlərindən birinə çevirən səbəb nədir? 

Qeyd edək ki, tarixi qələbəmiz nəticəsində özünün ərazi bütövlüyü  və suverenliyini tam təmin etdikdən sonra Bakı müxtəlif regionlar, xüsusən də qonşuları ilə əlaqələri ardıcıl olaraq möhkəmləndirməyə və inkişaf etdirməyə başlayıb. Bu, qonşularla möhkəm, konstruktiv münasibətlərin, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, mövcud qarşılıqlı potensialdan istifadə edilməsindən ibarət müdrik strateji yanaşmadır. Bakı, xüsusən bu gün artan beynəlxalq və regional tendensiyalar fonunda öz ətrafında sülh və mehriban qonşuluq məkanı qurmaq taktikasını seçib.

Bundan əvvəl sözügedən sahədə müşahidə edilən passivlik, əsasən, Bakının xarici siyasət kursunun əsas prioritet istiqaməti kimi ərazi bütövlüyü və suverenliyin bərpası, işğal faktına son qoymaq idi.

Lakin tarixi qələbəmiz artıq bu problemləri birdəfəlik həll edib. Nəticədə Azərbaycanın qarşısında yeni üfiqlər və imkanlar yaranıb. Hansı ki, Bakı bu imkanlardan maksimum dərəcədə faydalanmağa çalışır. Mərkəzi Asiya ölkələr ilə əməkdaşlığın dərinləşdirilməsinə də bu səpkidən yanaşmaq daha məqsədəuyğundur.

İndi Azərbaycan sahib olduğu iqtisadi güc, maliyyə imkanları və geosiyasi-coğrafi mövqeyinin verdiyi potensialla diqqətini dünyanın müxtəlif regionlarında öz mövqelərini möhkəmləndirməyə, beynəlxalq statusunu yüksəltməyə və düzgün aktorlarla əlaqələrini gücləndirməyə yönəldə bilər. Bu baxımdan, Mərkəzi Asiya Bakı üçün strateji regiondur.

İndi isə Azərbaycan "5+1" adlandırılan yeni əməkdaşlıq formatı yaradır. “Mərkəzi Asiya+Azərbaycan” formatını uğurlu edən başlıca səbəb də, ərazi bütövlüyünün bərpasından və əraziləri qaytarıldıqdan sonra Azərbaycanın Cənubi Qafqaz regionunda və daha geniş miqyasda statusunun xeyli yüksəlməsidir. Bu fakt Qarabağ münaqişəsində həmişə Azərbaycanın tərəfində olan Mərkəzi Asiya ölkələri tərəfindən dəstək və böyük hörmətlə qarşılanıb.

Bu dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edir, Özbəkistan və Qazaxıstanın dövlət vəsaiti hesabına artıq Qarabağda məktəblər tikilib, Qırğızıstan da bu işdə öz töhfəsini verir. Bu ölkələrin rəhbərləri artıq Qarabağa səfər ediblər. Bu yanaşma həm də Azərbaycana hörmətin təzahürüdür.

Azərbaycan da son illərdə Mərkəzi Asiya ölkələrinin əksəriyyətini təşkil edən türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsi siyasətini inkişaf etdirməyə başlayıb. Təbii ki, qarşılıqlı əlaqələrin inkişafında, Azərbaycana verilən dəyərin artmasında başlıca amillərdən biri Prezident İlham Əliyevin adı ilə bağlıdır. Tarixi qələbəmizdən sonra qalib Prezident kimi türk dövlətlərində İlham Əliyevə ölkəsinin ərazi bütövlüyünü bərpa edən, ölkəsi üçün çox çətin problemi həll edən lider olaraq böyük hörmətlə yanaşırlar. Türk dövlətləri öz mövqelərini gücləndirmək üçün bu gün Türk Dövlətləri Təşkilatı institutunu gücləndirirlər. Və təbii ki, Azərbaycanın bu cəmiyyətdəki rolu getdikcə artır.

Bir müddət əvvəl işğaldan azad edilən Şuşada TDT-nin qeyri-rəsmi zirvə toplantısının təşkili və burada qəbul edilən qərarlar da Mərkəzi Asiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivlərindən xəbər verir. TDT-nin yeni güc mərkəzi kimi özünü təsdiqləməsi və bu istiqamətdə ciddi nailiyyətlər əldə etməsi üçün Azərbaycan ciddi addımlar atmaqdadır. Belə ki, Bakı bu addımlarını praktiki qərarlarla tamamlayır. Azərbaycan TDT Katibliyin hesabına iki milyon ABŞ dolları köçürüb. Bu, bir daha təsdiqləyir ki, Bakı hansısa istiqamətin inkişafı ilə məşğuldursa, bunu ciddi və konkret edir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırlatmaq, bu təşkilat dörd illik sədrliyi dövründə onun nüfuzunun xeyli artırılmasını vurğulamaq kifayətdir. Eyni prosesin hazırda TDT-də yaşandığının şahidi oluruq.

Prezident İlham Əliyev Astanaya səfəri çərçivəsində səsləndirdiyi bəyanatlar Azərbaycanın bu regionla əməkdaşlığının konturlarını müəyyənləşdirməyə imkan verir. Buraya tək tranzit layihələrin reallaşdırılması, iqtisadi əlaqələrin dərinləşdirilməsi daxil deyil. Həm də dünyada artan təhdidlər çağırışlar Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.

Elə Mərkəzi Asiyanın siyasi ekspertləri də Azərbaycanın Mərkəzi Asiyanın dünyaya açılan qapısı olduğu qənaətindədir.

"Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlıq Mərkəzi Asiya və Cənubi Qafqazın potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir".

Bunu AZƏRTAC-a açıqlamasında politoloq Janar Tulindinova Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 9-da Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirakını şərh edərkən deyib.

Onun sözlərinə görə, respublikanın bu tədbirdə iştirakı artıq ənənə halını alıb; Azərbaycanın lideri 2023-cü ildə Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə də iştirak edib.

“Azərbaycan ilə Qazaxıstan arasında tərəfdaşlığın möhkəmləndirilməsi dinamik iqtisadi artım və hər iki ölkədə müsbət demoqrafik tendensiyalarla bağlıdır. Əməkdaşlığın əsas amili qarşılıqlı ticarət və investisiyalardır. Bu sahələrdə davamlı artım var. Beləliklə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb və 529,4 milyon dollar təşkil edib”, -deyə agentliyin həmsöhbəti qeyd edib.

Ekspertin sözlərinə görə, ikitərəfli əməkdaşlıqda nəqliyyat-logistika sektoru da mühüm yer tutur və bu sahədə birgə səylər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının artırılmasına yönəlib.

“Mərkəzi Asiya dövlətləri üçün Azərbaycan Şərq-Qərb marşrutu üzrə etibarlı tranzit ölkədir. Asiya ilə Avropa arasında rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” əhəmiyyətli inkişaf layihəsidir. Xəzər dənizinin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsini nəzərdə tutan bu layihə regionda rəqəmsallaşma və rabitə xidmətlərinin inkişafına mühüm töhfə verəcək”, - deyə Janar Tulindinova bildirib.

Ləman Əliyeva