Məşğulluq probleminin aradan qaldırılması istiqamətində səylər artırılmalıdır - Könül Nurullayeva

15:10 16.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Dövlət tərəfindən “Məşğulluq marafonu” çərçivəsində şəhid ailə üzvlərinin, müharibədə xəsarət almış şəxslərin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi yüksək dəyərləndirilməlidir. Bununla belə, məşğulluq probleminin aradan qaldırılması istiqamətində səylərin artırılması məqsədəmüvafiq olar.”

Hafta.az xəbər verir ki, bu təklifi Milli Məclisin deputatı Könül Nurullayeva irəli sürüb. Bununla yanaşı, deputat sosial müdafiəyə daha çox vəsaitin ayrılmasını təklif edib, qeyd edib ki, bu, sosial rifahın daha da yüksəldilməsinə gətirib çıxarar.”

K.Nurullayeva, eyni zamanda “YAŞAT” Fondu tərəfindən qazi və müharibə iştirakçılarına, onların yaxın ailə üzvlərinə müalicə və psixoloji dəstək üçün daha çox vəsaitin ayrılmasını da təklif edib.
Həmçinin gənclər arasında sağlam həyat tərzinin təbliği baxımından, eyni zamanda ölkəmizin beynəlxalq arenada idman yarışlarında daha böyük naliyyətlər əldə etməsi üçün ümumilikdə idmana ayrılan vəsaitin həcminə yenidən baxılmasını zəruri hesab etdiyini bildirib: “Çünki istər idmançıların peşəkar yarışlara hazırlığı və xarici ölkələrə səfərləri, istərsə də yarışlarda iştirakı maliyyə vəsaiti yetərli olmadıqda demək olar ki, mümkünsüz olur.”

Deputat həmçinin bildirib ki, aztəminatlı təbəqədən olan ailələrin üzvlərinin təhsilə əlçatanlığının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən “Təhsil Tələbə Krediti Fondu”nun yaradılması və bu Fondun vəsaiti hesabına tələbələrə kreditlərin verilməsi mütərəqqi haldır. Daha çox tələbəni əhatə edə bilməsi üçün bu Fondun vəsaitinin artırılması, əyani təhsil alan tələbələrlə yanaşı, qiyabi formada təhsil alan tələbələri də əhatə etməsi daha yaxşı olardı. O, həmçinin təhsilalanların bəzi dərsliklərə əlçatanlığının təmin edilməsi məqsədi ilə dərsliklərin rəqəmsal nüsxələrinin yaradılması və onlayn platformalarda yerləşdirilməsinin təhsilin inkişafında mühüm rol oynadığını vurğulayıb. Ölkəmizdə elektron kitab, dərslik, dərs vəsaiti, elektron kitabxana sisteminin genişləndirilməsinə, o cümlədən dağ rayonlarında fasiləsiz internetin təmin olunmasına böyük ehtiyac olduğunu da bildirib.