Dünyaca məşhur rusiyalı reper Timur Yunusov (Timati) partnyoru, məşhur restoran operatoru Anton Pinski ilə birlikdə “Dominos Pizza Russia” şirkətinin bütün hüquqlarını və aktivlərini alıb.
Hafta.az-ın yazdığına görə, bundan əvvəl “Dominos Pizza” Rusiya bazarını tərk etmək qərarına gəldiyini və müflis olmaq üçün müraciət etdiyini açıqlamışdı.
İndi dünya pizza şəbəkəsi rebrendinq ediləcək və fəaliyyətini davam etdirəcək.
Bundan əvvəl Pinski və Timati Rusiyada “Starbucks” qəhvə şəbəkəsini 500 milyon rubla alaraq adını dəyişdirib və fəaliyyətini davam etdiriblər.
“Dominos Pizza”nın sahibi olan Hollandiyanın DP Eurasia şirkəti ötən mart ayında Rusiya bazarına investisiya qoymağı dayandırıb və “Dominos” restoranlarından qonorardan imtina edib. Şirkətin gəliri ötən il əvvəlki illə müqayisədə 22 faiz azalaraq 3 milyard rubl təşkil edib.
Məlumdur ki, hazırda “Dominos” bütün Rusiya üzrə 170-ə yaxın restorana malikdir.