Millət vəkili xəstəxanaya hücumu pislədi, parlamentdən çıxarıldı

10:43 04.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail parlamentində Birgə Siyahı Partiyasından olan millət vəkili Ofer Kassif ordunun Qəzza zolağındakı Şifa xəstəxanasına hücumunu "müharibə cinayəti" kimi qiymətləndirdiyi üçün parlamentin iclasından uzaqlaşdırılıb.

Hafta.az-ın İsrailin dövlət televiziyası KAN-ın məlumatına istinadən yazdığına görə, müxalifətçi millət vəkili Kassif parlamentdəki çıxışında "Xəstəxanalar heç vaxt döyüş meydanı olmamalıdır. Xəstələri, tibb qruplarını və bütün vətəndaşları, eləcə də kiçik uşaqları qorumaq lazımdır” deyib.

Parlamentdəki ifrat sağçı deputatlar bu sözlərə reaksiya verərək, Kassifin çıxışını kəsməyə çalışıblar.

Maneələrə baxmayaraq çıxışına davam edən Kassif, "Hücumdan əvvəl müharibə qorxusundan qaçan minlərlə məcburi köçkün fələstinli xəstəxanaya sığınmışdı. Ancaq müharibə cinayəti qorxusu onları xəstəxananın qorunan qapıları arasında qovdu" deyib.

Kassifin bu sözlərindən sonra ifrat sağçı deputatlar ayağa qalxaraq daha ucadan qışqırıblar. Parlamentdəki mühafizəçilər iclas sədrinin göstərişi ilə Kassifi zaldan çıxarıblar.

“Yedioth Ahronoth” qəzeti mövzu ilə bağlı xəbərində parlamentin, ölkəsinin Qəzzaya hücumlarına qarşı çıxan Kassifin mandatını geri almaqla uğursuz olduğunu bildirib.

İsrail ordusu martın 18-də səhər saatlarında Qəzza şəhərinin qərbində yerləşən, 7 mindən çox xəstə və məcburi köçkün fələstinlinin sığındığı Şifa xəstəxanasına basqın edib.

Qəzza rəhbərliyi İsrail qüvvələrinin Şifa xəstəxanası və ətraflarında 400-dən çox fələstinlini öldürdüyünü, 900-dən çoxunu həbs etdiyini və 1050 evi dağıtdığını açıqlayıb.

İsrail ordusu isə 2 həftə davam edən basqında 200 fələstinlini öldürdüyünü, 500-dən çoxunu isə nəzarətə götürdüyünü iddia edib. Artıq İsrail ordusu Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şifa xəstəxanası və onun ətrafından geri çəkildiyini açıqlayıb.

Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri geri çəkilməzdən əvvəl Şifa xəstəxanasının bütün binalarını yandırıb və tamamilə sıradan çıxarıb, xəstəxananın cərrahiyə binasının döşəmə və otaqlarını tamamilə dağıdıb, qalanlarını yandırıb, əsas qəbul və qəza binasını yandırıb – hər şeyi dağıdıb.

İsrail ordusu 15 noyabr 2023-cü ildə tunellər və sursat anbarları olduğunu iddia edərək Şifa xəstəxanasına basqın edib və xəstəxananı viran qoyaraq istismardan çıxarıb.

Siyasət rubrikasından digər xəbərlər