20 dekabr 2021 ci il tarixdə məktəbimizin fəxrlə adını daşıdığı Milli Qəhrəman Riad Əhmədovun 65 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə Milli Məclisin deputatı xanım Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, SRİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov,Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi polkovnik Tuncay Məmmədov və əməkdaşları, "ALYANS" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranlarının İctimai Birliyinin sədri Fəxri Abasov və üzvləri, Riad Əhmədovun döyüş yoldaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb, şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra şagirdlər qəhrəmanın həyat və döyüş yolu haqqında ətraflı məlumat veriblər, Riad Əhmədova həsr olunmuş səhnəcik, musiqi nömrələri təqdim ediblər. " Qayıt Riad" filmindən göstərilən fraqment maraqla izlənib.
Sonra qonaqlara söz verildi. Mili Qəhrəmanın döyüş yoldaşları onunla bağlı xatirələrini danışdılar, həmçinin Riadın şücaətindən söz açaraq gənc nəslə Riad Əhmədov kimi vətənpərvər, cəsur olmağı tövsiyə etdilər.
Səbail Rayon İcra Hakiminin müavini Kəmalə Həşimova, Riad Əhmədovun həmkarlarından olan veteran polkovnik Əli Orucov çıxış edərək həm Riad Əhmədovun misilsiz qəhrəmanlığından, Riad kimi qəhrəmanların ölməzliyindən həm də, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan oğullarının 44 günlük Vətən müharibəsindəki şanlı zəfər tarixindən söz açdılar.
Şagirdlərin hərbi vətənpərvər ruhda tərbiyə olunmasının zəruriliyini vurğuladılar və bu işdə məktəb kollektivinə uğurlar arzuladılar, gözəl çıxışlarına görə şagirdləri təqdir etdilər. Tədbirin sonunda Riad Əhmədovun döyüş yoldaşları polkovnik-leytenant Akif Rüstəmov və polkovnik-leytenant Rais Şabakayev tərəfindən məktəbin nümunəvi şagirdlərinə "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının İctimai Birliyinin Fəxri Fərmanları təqdim olundu. Tədbir hər kəsdə xoş təəssürat buraxdı.