Minaların təmizlənməsinə 30 il vaxt gərək - Hafiz Səfixanov

17:17 10.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İkinci Qarabağ müharibəsinin başa çatmasından 3 il  keçsə də, hərbi qarşıdurmanın əsas elementlərindən olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. İşğaldan azad edilmiş ərazilərdə mina qurbanı olaraq ölən və yaralananların statistikası bu gün də artmaqda davam edir. Azərbaycan müharibə başa çatdıqdan sonra təmas xəttiboyu və işğalda olan ərazilərdəki minalanmış ərazilərin xəritəsini Ermənistandan tələb etsə də, qarşı tərəf mina xəritələrini verməkdən imtina edib və yaxud vermiş olduqları da etibarsız çıxıb. Mina, partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilərimizin təmizlənməsinə yönəlik mövcud çətinliklərə baxmayaraq proses necə davam edir? Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bir çox faktlara toxunub.

– Azərbaycan torpaqları erməni hərbi quldurları tərəfindən başdan-başa minalanıb. Müharibədən sonra həmin ərazilərdə mina təhlükəsizliyinin aradan qaldırılması üçün hansı işlər görülür?

– Azərbaycan torpaqları 30 il işğal altında oldu və Ermənistan özünün istehsal etdiyi piyada və tank əleyhinə minalarla torpaqlarımızı güclü şəkildə çirkləndirib. Həmin ərazilərdə, həmçinin çoxlu sayda partlamamış hərbi sursatlara rast gəlinir. Minalar və partlamamış hərbi sursatlar mülki əhali üçün böyük təhlükə yaradır, abadlıq, bərpa prosesini ləngidir. Bütün bunları nəzərə alaraq, Azərbaycan dövləti orada yaşayan mülki əhali, eləcə də infrastruktur layihələrinin icrasına cəlb olunmuş işçilər və ora turist səfərləri edən insanlar üçün maarifləndirmə işi həyata keçirir. Bu işlər ANAMA, BMT-nin Uşaq Fondu və Qaçqınlar üzrə Ali Komissarlığı, Qızıl Xaç Komitəsi vasitəsi və iki yerli QHT təşkilatı, Beynəlxalq Avrasiya Mətbuat Fondu və “Dayaq” təşkilatları tərəfindən aparılır. Eyni zamanda Futbolun İnkişafı Təşkilatı mülki əhalinin partlayıcı sursatların təhlükəsizliyinə dair maarifləndirmə proqramlarında aktiv iştirak edir.

– Minalardan təmizlənmə prosesi hansı xətt üzrə həyata keçirilir?

– Minaların təmizlənməsi prosesi çox vaxt aparan və külli miqdarda maddi vəsait tələb edən bir prosesdir. Qeyd edim ki, Azərbaycan BMT-nin standartlarına uyğun olaraq, yalnız humanitar minatəmizləmə işini həyata keçirir. Azərbaycan minaların təmizlənməsi prosesinə, demək olar ki, bütün qüvvələrini səfərbər edib. Bu prosesə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti cəlb olunub. Bundan başqa, 4 yerli kommersiya şirkəti və bir QHT təşkilatı minaların təmizlənməsi ilə məşğuldur. Təşkiltaların hamısı ANAMA tərəfindən koordinasiya olunur.  ANAMA Azərbaycan Hökuməti tərəfindən verilən tapşırıqlar əsasında bu və ya digər ərazilərdə minaların təmizlənməsi prosesinə rəhbərlik edir. Minaların təmizlənməsi prosesində beynəlxalq minatəmizləmədə tətbiq olunan bütün üsul və vasitələrdən istifadə olunur. Bu proses həm əl, həm də minaaxtaran itlər, siçovullar vasitəsilə mexaniki idarə olunan robot texnikasından istifadə edilməklə həyata keçirilir.

– Hər bir ölkə hərbi əməliyyatlar apardığı zaman həmin ərazidəki hərbi xəritələrdə öz minaladığı ərazilərin yerini göstərir. Ermənistanın təqdim etdiyi yeni mina xəritələri varmı? Bu, nə dərəcədə dəqiq, effektivdir?

– II Qarabağ müharibəsindən sonra Azərbaycan Hökumətinin israrlı tələblərindən sonra, Ermənistan üç mərhələdə ölkəmizə minalanmış ərazilərin xəritələrini verdi. Birinci mərhələdə Ağdam regionu üzrə 97 min minanın olduğu xəritə, ikinci mərhələdə Füzuli və Zəngilan regionları üzrə 92 min minanın olduğu xəritə, üçüncü mərhələdə isə digər ərazilərdə olan minalanmış ərazilərin xəritələrini verdilər. Sonradan məlum oldu ki, həmin xəritələr keçmiş cəbhə xəttinə aid olan, yəni 2020-ci il mövqeyinə aid olan xəritələrdir. Bu xəritələr Araz çayından başlayaraq, Murov dağına qədər olan təxminən, 250 min kilometrlik bir ərazini əhatə edirdi. Ümumilikdə, həmin xəritələrdə 400 min minanın olduğu göstərilirdi. Sonradan Azərbaycanın rəsmi strukturlarının yerlərdə həmin xəritələri yoxlaması zamanı məlum oldu ki, xəritələrdə elə yerlər var ki, heç 25 faiz dəqiqlikdə deyil. Ona görə də bu xəritələr bizim işimizə yaramadı. Bundan başqa, bir neçə gün əvvəl Ermənistan təhlükəsizlik şurasında Azərbaycana yeni xəritələrin verilməsi ilə bağlı mətbuata məlumatlar açıqlandı. Həmin məlumatda 8 yeni mina xəritəsinin verilməsindən söhbət gedirdi. Bu məlumatdan sonra Azərbaycan və Ermənistan rəsmi nümayəndələrinin sərhəddə görüşü oldu və həmin görüşdən sonra xəritələrin verilib-verilməməsinə dair ictimaiyyətə heç bir məlumat ötürülməyib.

– Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yönələn mina terroruna qarşı hansı reaksiyanı verir? Bu istiqamətdə Ermənistana hansı təsir göstərilir?

– Minaların ölkəmizdə yaratdığı problemin miqyasını nəzərə alaraq, Azərbaycanın rəsmi strukturları, həm də vətəndaş təsisatları beynəlxalq ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmaqda davam edir. Konkret olaraq öz təşkilatımız haqqında deyə bilərəm ki,  gündəlik əsaslarla həm əlaqədə olduğumuz beynəlxalq təşkilatları, həm də digər ölkələrdə olan QHT-ləri mina qurbanları, ölkədə minalara qarşı aparılan fəaliyyətlə bağlı məlumatlandırırıq. Təşkilatımızın üçillik fəaliyyəti nəticəsində Ermənistanın mina istehsalçısı kimi tanıdılmasına nail olduq. Təşkilatımız Kanadanın Azərbaycandakı səfirlərinin maliyyə dəstəyi ilə ərazilərimizdə “Minalar və partlamamış hərbi sursatlar problemi”, “Minalar və hərbi sursatların qurbanları və icmalara təsiri” layihəsini həyata keçirir. Həmin layihələr çərçivəsində  Azərbaycanın hər bir yerində şərti dövlət sərhədində, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə mütəmadi monitorinqlər keçirdik. Əldə etdiyimiz foto və videomateriallar, bundan başqa Müdafiə Nazirliyinin, ANAMA-nın təqdim etdiyi materiallar əsasında faktları beynəlxalq ictimaiyyətə göndərdik və nəticədə Ermənistanı mina istehsal edən ölkə kimi tanıtdıq. Bu barədə məlumat minalar əleyhinə beynəlxalq kampaniyanın 2023 hesabatına salındı. Həmin sənəd keçən ilin noyabr ayında minaların qadağan olunmasını nəzərdə tutan konvensiyanın illik görüşündə bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edildi.

Beynəlxalq birliyin Azərbaycanda mina problemləri ilə bağlı mübarizəyə münasibəti istədiyimiz səviyyədə deyil.  Beynəlxalq birlik bu problemlə bağlı ölkəmizə yalnız 4-5 faiz civarında maliyyə dəstəyi göstərib, 95 faizi isə Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Beynəlxalq birlik sırasında, əsasən, BMT-nin İnkişaf Proqramı Azərbaycana maliyyə vəsaiti verib. Bu günə qədər ən böyük donor qismində isə Avropa Birliyi çıxış edib. ABŞ, Fransa,Yaponiya kimi donor dövlətlər də çox az miqdarda yardım göstəriblər. Bundan başqa, Böyük Britaniya son 3 ildə Azərbaycana minaların təmizlənməsi ilə maliyyə dəstəyi göstərib. Bir təşkilat rəhbəri olaraq bu dəstəyə görə hər birinə təşəkkür edirəm, ancaq bu bizim problemin miqyasına baxanda ciddi dəstək deyil. Beynəlxalq ictimaiyyəti Azərbaycanda mina problemlərinin həllinə daha çox dəstək göstərməyə dəvət edirik.

– Minalardan və partlamamış hərbi sursatlardan zərərçəkənlərin sayı nə qədərdir? Torpaqların tam təmizlənməsi nə qədər vaxt apara bilər?

– 2023-cü il ərzində 59 nəfərin mina və partlamamış hərbi sursatların qurbanı olması ilə bağlı məlumat var. Bunlardan 19 nəfəri, 15-i mülki şəxs olmaqla həlak olub, 40 nəfəri isə müxtəlif bədən xəsarətləri alıb. Bu hadisələr Ağdam, Xocavənd, Tərtər, Laçın, Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalı, Füzuli və Tovuz rayonlarının ərazilərində baş verib. Rəsmi məlumatlara görə, 10 noyabr 2020-ci il tarixdən 1 yanvar 2024-cü il tarixinə qədər mina və partlamamış hərbi sursatlardan 65 nəfər həlak olub, 276 nəfər yaralanıb. Son yanvar, fevral aylarında da 3 hadisə baş verib. Beləliklə, 10 noyabr 2020-ci il tarixdən bu günədək 65 nəfər həlak olub, 279 nəfər yaralanıb. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3 423 nəfərdir. Bu insanların da 595 nəfəri həlak olub. Mina qurbanlarının içərisində 38 nəfər qadın, 357 nəfər isə uşaqdır.

– Azərbaycanın işğaldan azad olunmuş ərazilərində torpağın minalardan təmizlənməsinə nə qədər vaxt lazımdır?

– II Qarabağ müharibəsindən sonra aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, Azərbaycana minalardan təmizlənmə üçün təxminən, 30 il vaxt, 25 milyard dollar vəsait lazım olacaq. İndi nəzərə almaq lazımdır ki,  Müdafiə Nazirliyinin məlumatına görə, 2023-cü il sentyabr antiterror tədbirindən sonra təxminən, 480 km ərazidə, 2 km dərinlikdə güclü minalanmış ərazilərə rast gəlinib. Bu faktı nəzərə alsaq, müddət və vəsaitin artması məntiqli görünür. Onu da nəzərə alaq ki, göstərilən  rəqəmlər, mövcud qüvvələrə, vəziyyətə əsaslanaraq deyilmişdi. Minalanmış ərazilərin sayı artsa da, minatəmizləməyə sərf olunan qüvvələrin də sayı artırılır. Azərbaycanda minatəmizləmədə ötən ildən qadın qrupları da yaradılıb. Həmin qrupların sayı artırılacaq. Azərbaycan bu sahədə potensialını gücləndirir. Bu da minatəmizləmə müddətinin mümkün qədər azaldılmasına hesablanır.

Bu günə qədər 120 min hektara yaxın ərazi mina və partlamamış hərbi qurğulardan təmizlənib. 1 yanvara qədər həmin ərazilərdən 31 min mina piyadalar əleyhinə, 19 mina tank əleyinə, 62 min mindən çox partlamamış hərbi sursat, ümumilikdə, 112 min mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

– Azərbaycanın mina qurbanlarına münasibəti necədir, onlara hansı dəstəklər verilir?

– Ölkəmizdə minadan zərərçəkən insanlara, müharibə ilə əlaqədar olan digər insanlara eyni münasibət var.  Hərbi əməliyyatlar zamanı, hərbi xidməti yerinə yetirərkən mina partlayışına məruz qalan insanlar bir qədər üstün hüquqlara malikdirlər.  Bu, reablitasiya vasitələrində, onlara verilən təqaüd və müavinətlərin məbləğində özünü göstərir. Mülki şəxslər olaraq mina qurbanı olmuş şəxslər isə fiziki reabilitasiya vasitələri ilə təmin olunur, icbari tibbi sığortadan istifadə edirlər. Onların aldıqları pensiya və müavinətlər bir qədər azdır. Bununla əlaqədar problemlərlə məşğul olan QHT-lər davamlı olaraq Əhalinin Sosial Müdafiə Nazirliyi ilə iş aparır.