Dubay Əmirliyində keçirilən “Diafa Festivalı”nda mükafatlandırma mərasimi zamanı misirli aktrisa Mona Zəkinin Fələstin məsələsi ilə bağlı çıxışı Misir incəsənət dairələrində böyük marağa səbəb olub. Onun çıxışının videosu cümə günü Google və X platformalarının ən populyar məzmun siyahılarında birinci olub.
Hafta.az-ın yazdığına görə, Mona Zəki 2023-cü ilin “Ən yaxşı ərəb aktrisa” mükafatını alarkən etdiyi çıxışda İsrailin Qəzza zolağının bombalanması nəticəsində başına gələnləri psixoloji və fiziki cəhətdən izah etmək istəyib. “Sevimli Fələstimizin başına gələn hadisələrdən sonra hamımız insan səviyyəsində dəyişmişik. Hamımızın içində bir şey qırılıb və qırğınlar dayanmayınca, Fələstin xalqının azad və öz hüquqlarını qazandıqlarını görmədikcə bu inciklik aradan qalxmayacaq”, - o deyib.
Fələstinli qadın və uşaqları qətllərdən qorumayan humanitar təşkilatları tənqid edən misirli sənətçi “Dünyada insanlıq üçün qanunlar çıxara biləcək bir təşkilat yoxdur. Heç bir təşkilat Fələstin xalqını müdafiə edə bilməzdi. İnsanlıq uşaqla birlikdə doğulur və insanlığın qanunlarını edən də insandır” deyib.
Fələstin xalqına verdiyi dəstəyə görə Diyafa Festivalı rəhbərliyinə təşəkkür edən Zəki belə davam edib: “Biz hamımız Fələstin xalqına qarşı acizik. Ümid edirəm ki, dünya bu yuxudan oyanacaq və Fələstində törədilən həqiqətləri və qətliamları görəcək”.
Misirli tənqidçi Macidə Muris məsələ ilə bağlı bildirib ki, Zəkinin Fələstin davasını dəstəkləyən çıxışı insan haqları təşkilatlarının qüsurlarını üzə çıxarır: “O, ərəb dünyasının son iyirmi ildə ən mühüm sənət ulduzlarından biridir. Dediyi hər söz təsirlidir. O, açıqlama vermək və mediada çıxış etmək həvəsində deyil. Bu, onun sözlərinin sosial media saytlarında və axtarış sistemlərində zirvəyə qalxmasının bir səbəbidir".
Maraqlıdır ki, Mona Zəki “Qəyyumluq altında”' serialındakı roluna görə “Diyafa” festivalında “Ən yaxşı ərəb aktrisa”' mükafatını qazanıb. Bu serial ötən Ramazan ayında yayımlanmağa başlayıb və mükafatlar almağa davam edir. Bir neçə ay əvvəl Misirin Əl-Alameyn Əl-Cədidə şəhərində keçirilən Qahirə Dram Festivalında Mona Zəki eyni serialla Tənqidçilər və Tamaşaçılar Mükafatlarını alıb.
Misirli tənqidçi Mona Zəkinin həmişə cəmiyyətə mesajlar göndərməyə çalışdığını deyib: "Onun son işi (Qəyyumluq altında) mühüm humanitar və sosial çətinlikləri, o cümlədən qanunun ədalətsizliyi ilə üzləşən dul qalmış misirli qadınların problemlərini gündəmə gətirib. “Nyutonun oyunu” serialında şifahi boşanma problemlərini də ortaya qoyub”.