ABŞ Mərkəzi Kəşfiyyat idarəsi rəisinin Ermənistana səfərinin arxasında nə dura bilər. Bu haqda istər Ermənistan, istər Rusiya, istərsə də digər ölkələrin mediası geniş şərhlər vermədiyindən ehtimallara söykənməyə məcburuq. Çox güman ki, MKİ şefinin səfərinin əsas missiyası bölgədəki mümkün müharibə təhlükəsini aradan qaldırmaqdır.
Bu fikirləri hafta.az-a politoloq Ərəstun Oruclu deyib:
“Məsələ burasındadır ki, Ermənistanda savaşın qarşısını ala biləcək yeganə şəxs Paşinyandır. Və Paşinyan bu gün daha çox Azərbaycanla sülh anlşamasını imzalamağa, Türkiyə ilə münasibətləri bərpa etməyə çalışır. Lakin Ermənistanda hakimiyyət Paşinyanla məhdudlaşmır. Hakimiyyətdəkilərin, xüsusən də hərbçilərin əksəriyyəti Rusiyaya bağlı şəxslərdir. Və unutmayaq ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazaları var, həmçinin Rusiya ordusunun bir qismi də “sülhməramlı” adı altında Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yerləşir. Deməli, bölgədə müəyyən dərəcədə gərginlik var. Və həmin gərginlik asanlıqla yeni müharibəyə keçə bilər. Bu, Rusiya üçün son dərəcə önəmlidir. Çünki öncəki söhbətlərimizdə dediyim kimi, Moskva regiondakı əsas kommunikasıya xətlərini nəzarətə götürməyə çalışır. Və xüsusilə, Avropa Komissiyasının prezidenti Ursula Bakıya səfəri ərəfəsində MKİ rəhbərinin Ermənistana səfəri bu mənada anlaşılandır. Çünki həmin səfər haqqında məlumat verilib ki, Azərbaycanla Avropa Birliyi arasında enerji əməkdaşlığına dair saziş imzalanacaq. Bu isə heç bir halda Rusiyanın maraqlarına xidmət etmir. Baxmayaraq ki, AB-nin bəzi ölkələri, o cümlədən Almaniya, eləcə də Fransa Kremllə əməkdaşlığa pozitiv baxır və maksimal dərəcədə yumşaq mövqe tutmağa çalışır. Yəni bütün deyilənləri təhlil etdikdə belə qənaətə gəlmək olur ki( bu da yeni deyil, bu haqda çox danışmışıq), bölgədə yeni savaş təhlükəsi var. Və bir daha deyirəm: istisna etmirəm ki, Amerikan kəşfiyyat rəhbərinin İrəvana səfərinin başlıca məqsədi həmin savaşın qarşısını almaq cəhdidir. Çünki mövcud şəraitdə regionda müharibə olacağı halda bu, iki ssenari üzrə gedə bilər. Birinci ssenari: həmin savaşa heç bir xarici ölkə qarışmır və nəticədə Rusiya istədiyi şəkildə bütün Qafqazı bütövlükdə öz nəzarətinə qaytarır. İkinci ssenari isə ondan ibarətdir ki, Türkiyə Azərbaycanla əldə olunmuş sazişlərə, o cümlədən Şuşa Bəyannaməsinə əsasən Azərbaycanın tərəfində çıxış edir. Bu isə bölgədə daha böyük, daha miqyaslı müharibə deməkdir. Belə savaşın əks-sədası birinci özünü Yaxın Şərqdə göstərərdi....”