Moldovada 30-dan çox rus media saytı bloklanıb

18:54 30.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti (İSS) Rusiyanın 30-dan çox KİV-in saytını bloklayıb. Bu barədə xidmətin saytında məlumat verilir.

Moldovada girişin məhdudlaşdırıldığı resursların siyahısına TASS, İnterfaks, Vedomosti, Lenta.ru, KP.RU, İzvestiya, Moskovski Komsomolets və digər saytlar daxildir. Bloklama Rusiyanın 31 KİV-inə təsir edib.

ISS bu mediada yayılan məlumatların "gərginlik və ya sosial münaqişələrə səbəb ola biləcəyini" açıqlayıb. Departament əlavə edib ki, bu mediadakı məlumatlar “hərbi münaqişədə olan dövlətin hakimiyyət orqanlarından və ya beynəlxalq sanksiyalar siyahısına daxil edilmiş fiziki və ya hüquqi şəxslərdən” gəlir. Bundan əlavə, bu KİV-lərin Moldovanın “konstitusiya quruluşunu pozmağa yönəlmiş hərəkətlərinə görə” bloklandığı iddia edilir.

Oktyabrın 24-də Moldova hakimiyyətinin ölkədə bir sıra Rusiya KİV-lərinə girişi məhdudlaşdırmaq qərarı barədə məlumat verilib. Bu qərar “dezinformasiyaya qarşı mübarizə” ilə izah edilib.