Moskva Abxaziyanı cəzalandırır: Naringi idxalı yasaqlandı

09:15 09.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sovet dövründən Yeni il süfrələrinin simvolu olan abxaz mandarininin idxalı dayandırılıb.

Hafta.az-ın yazdığına görə, Abxaziya baş nazirinin müavini Valeri Bqanba bəyan edib ki, qadağa Rusiyanın rəsmi nəzarət qurumlarının qərarına əsaslanıb. O, Abxaziyanın səhiyyə orqanlarının naringilərdə zərərli milçəklərin olması iddiasını rədd edərək bu qərara etiraz etdiyini bildirib.

Bqanba vurğulayıb ki, bu qadağa xüsusilə naringi satmaqla çörək qazanan cəmiyyətin ən yoxsul təbəqələrinə mənfi təsir göstərəcək. Hazırda Rospotrebnadzor-un rəsmi saytında qadağa ilə bağlı heç bir məlumat yoxdur.

Digər tərəfdən, Abxaziyada dövlət işçilərinin maaşları verilə bilmir və maliyyə böhranı dərinləşir. Maliyyə nazirinin müavini Vladimir Delba büdcə vəsaitlərinin maaşların ödənilməsinə yönəldilmədiyini və heç bir dövlət işçisinin, o cümlədən müəllimlərin, səhiyyə işçilərinin və təhlükəsizlik qüvvələrinin maaş almadığını açıqlayıb. O, büdcədə qanunla nəzərdə tutulan digər icbari xərclərin də tamamilə dayandığını bildirib.

Böhranın əsas səbəblərindən biri Abxaziyanın elektrik enerjisinə olan tələbatını ödəmək üçün Rusiyadan idxal olunan enerjinin dəyəridir. Delba vurğulayıb ki, büdcə vəsaitləri yalnız enerji idxalına xərclənir və bu da maaşların ödənilməsini mümkünsüz edir. Qış aylarında enerji istehlakının artması və əsas enerji mənbəyi olan Enguri Su Elektrik Stansiyasının istehsalının aşağı olması səbəbindən Abxaziyada elektrik enerjisi idxalı zəruridir. Gündəlik enerji idxalı büdcədə nəzərdə tutulmayan təxminən 15 milyon rubla başa gəlir.

Sentyabrda Rusiya Abxaziyaya ayırdığı sosial yardımı dayandırıb, müəllim və tibb işçilərinə əlavə ödənişlər kəsilib. Bundan əlavə, elektrik enerjisinin idxalına kommersiya tarifləri tətbiq edilib. Abxaziya administrasiyası büdcə kəsirini bağlamaq və enerjiyə qənaət etmək üçün gündəlik dörd saatlıq elektrik enerjisinin kəsilməsinə başlayıb. Lakin bu tədbirlər ictimaiyyətdə narazılığa səbəb olsa da, hökumətin iqtisadi sabitliyi təmin etmək üçün yeni resurslar axtarışında olduğu bildirilir.

Ötən ay Abxaziyada Rusiya ilə imzalanan investisiya sazişi ölkədə ciddi siyasi böhranlara səbəb olub. Müqavilə rus investorlara Abxaziyada əmlak əldə etməyə və layihələr həyata keçirməyə imkan verirdi. Bu vəziyyət müxalifət və ictimaiyyət arasında ölkənin suverenliyinə xələl gələcəyi ilə bağlı genişmiqyaslı etirazlara səbəb olub. Noyabrın 15-də paytaxt Suxumidə toplaşan nümayişçilər parlament və prezident binalarını zəbt ediblər.

Etirazların artması ilə Abxaziya prezidenti Aslan Bjaniya istefa verdiyini açıqlayıb. Müxalifət indiki administrasiyanı Rusiyanı strateji müttəfiq kimi görsə də, Rusiya-Abxaziya münasibətlərindən şəxsi maraqları üçün istifadədə ittiham edib. Parlamentin iclasları deputatlara təzyiqlər səbəbindən təxirə salınıb, etirazçılar razılaşmanın tamamilə gündəmdən çıxarılmasını tələb ediblər. Bu hadisələr Abxaziyada siyasi qeyri-sabitliyi dərinləşdirib