Rusiyada Ukrayna müharibəsinə qarşı çıxan uşaqlar həbs olunur.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Rusiyanın “OVD-İnfo” hüquq müdafiə təşkilatının məlumatında deyilir ki, 2009-cu ildən bu yana ölkədə azı 35 uşaq məhz siyasi fikirlərinə görə məhkəməyə verilib. Bunlardan 23-ü Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra açılan işdir.
Ölkədəki digər insan haqları təşkilatı olan “Memorial”dan Sergey Davidis bildirir ki, Rusiya qanunlarına görə, 14 yaşından yuxarı uşaqlar terror və dövlətə xəyanət kimi ağır cinayətlərdə mühakimə oluna bilər. İşğal başlayandan bəri müharibə əleyhdarı gənclərə qarşı işlərin sayının artdığını diqqətə çatdırır.
CNN qeyd edir ki, bu, Moskvanın müxalifətə təzyiqi artırmaq siyasətinin tərkib hissəsidir.
OVD-İnfo-nun məlumatına görə, 2022-ci ilin fevralından bəri ən azı 20070 nəfər müharibə əleyhinə fikirlərinə görə saxlanılıb. Qeyd olunub ki, sosial şəbəkələrdə müharibəni tənqid edən paylaşımlar və ya Ukrayna bayrağının simvolu olan paltar geyinmək kimi hərəkətlərə görə 9369 nəfərə qarşı “ordunu gözdən salma” işi açılıb.
OVD-İnfo məlumatlarına görə, Rusiyada azı 2942 nəfər siyasi motivlərlə cinayət məsuliyyətinə cəlb edilib. Həmin şəxslərdən 1402-si saxlanılır.
Kreml isə ölkədə “siyasi məhbus”un olmadığını və hüquqi proseslər nəticəsində verilən cəzaların qanun pozuntusu ilə bağlı olduğunu iddia edir.
19 yaşlı Almaniya-Rusiya vətəndaşı Kevin Lik iki il əvvəl müharibə əleyhinə fəaliyyət göstərdiyi üçün saxlanılıb və 4 il müddətinə azadlıqdan məhrum edilib.
CNN-in məlumatına görə, Lik müasir Rusiya tarixində vətənə xəyanətdə mühakimə olunan ən gənc şəxsdir. Prokurorlar iddia edirlər ki, yeniyetmə hərbi silah və texnikanın fotoşəkillərini xarici kəşfiyyat orqanları ilə paylaşmaq üçün çəkib. Lik iddiaları rədd edir və "Bütün proses məndə iz buraxdı" deyir və travma sonrası stress pozğunluğundan (TSSB) əziyyət çəkdiyini deyir.
Lik MİT-in vasitəçiliyi ilə avqustun 1-də Ankarada Rusiya ilə Qərb ölkələri arasında keçirilən məhbus mübadiləsi yolu ilə azad edilib.
16 yaşlı Arseni Turbin iyunda terror cinayətləri törətdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncin anası İrina deyir ki, oğlu stresdən və iştahsızlıqdan 15 kilo arıqlayıb.
Rusiya hakimiyyəti Turbinin Ukrayna tərəfində döyüşən könüllülərdən ibarət Rusiya Azadlıq legionuna qoşulduğunu iddia edir. Gənc oğlan ittihamları rədd edir.
İnsan haqları təşkilatları Turbinin Rusiyanın ən gənc siyasi məhbuslarından biri olduğunu bildirir.