Azərbaycanın əsas məqsədi tək Dağlıq Qarabağda öz hakimiyyətini bərpa etmək deyil, həm də Naxçıvana quru dəhlizinə nəzarət etməkdir.
Bu fikirləri Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Hayk Xalatyan deyib.
Onun sözlərinə görə, bu marşrut Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirməlidir. Bakı bir tərəfdən əlverişli beynəlxalq vəziyyətdən, digər tərəfdən isə Ermənistanın kifayət qədər səmərəsiz rəhbərliyindən istifadə edərək bütün geosiyasi məsələləri güc yolu ilə həll etməyə və Cənubi Qafqazda Türkiyə-Azərbaycan hegemonluğunu möhkəmləndirməyə çalışır:
“Vəziyyət gərginləşsə, Rusiyanın prosesə müdaxilə edəcəyinə əmin deyiləm. Buna səbəb həm Ukrayna ilə müharibə, həm də Moskvanın Bakı və Ankara ilə açıq hərbi münaqişəyə getmək istəməməsidir.
Azərbaycan və Türkiyə ilə hərbi qarşıdurmada qalib gəlmək Ermənistan silahlı qüvvələri üçün açıq-aydın, demək olar ki, mümkünsüz məsələdir. Eyni şey danışıqların təxirə salınması cəhdinə də aiddir - Bakı digər qüvvələr bunun qarşısını ala bilənə qədər Qarabağ məsələsini nəhayət həll etməkdə qərarlıdır”.