“Müharibə zamanı əlcəzairlilər Azərbaycanın haqq işini dəstəkləyiblər” – Diplomat

13:25 29.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Əlcəzairdəki Səfirliyinin müvəqqəti işlər vəkili Rəfail Bağırovun 28 may Müstəqillik Günü ərəfəsində Alharir.info-ya müsahibəsi yayınlanıb. Dünən təntənəli şəkildə 104-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, təxminən iki illik fəaliyyət dövründə əldə etdiyi uğurlardan söz açan diplomat deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması XX əsrdə xalqımızın həyatında tarixi hadisə olub.

“XX əsrin əvvəllərindən başlayaraq demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşayıblar. 1917-ci il Oktyabr inqilabı, Rusiya imperiyasının süqutu və o dövrdə ərazisində müxtəlif proseslərin baş verməsi Azərbaycanın müstəqilliyinin elan edilməsinə və Xalq Cümhuriyyətinin yaranmasına şərait yaradıb. Cümhuriyyətin cəmi 23 aylıq fəaliyyəti dövründə xeyli iş görülüb” deyən R.Bağırov bildirib ki, xalqımız öz tarixini hər zaman yaşadıb və gələcəkdə də yaşadacaq. O cümlədən, prezident İlham Əliyevin sərəncamı ilə 2 may tarixi milli bayram - Müstəqillik Günü kimi qəbul edilib.

“Əsrlər boyu müstəqillik arzusunda olan xalqımız müxtəlif dövrlərdə fərqli imperiyaların, böyük dövlətlərin tərkibində olub. Buna baxmayaraq, Azərbaycan xalqı milli varlığının əsasını təşkil edən amilləri – dil, milli-mənəvi dəyərlər, mədəniyyəti qoruyub saxlayıb. Eyni zamanda, Azərbaycan dünya mədəniyyəti fonduna misilsiz töhfələr verib” deyən diplomat qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyi bərpa olunub, ölkəmiz azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilib, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün geniş imkanlar yaradıb.

Müsahib əlavə edib ki, Azərbaycan 1991-ci ildən müstəqilliyə doğru ilk addımlarını atan zaman dərin siyasi, iqtisadi və sosial böhranla, o cümlədən Ermənistanın hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə üzləşib. Ermənistanla Azərbaycan keçmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və onun yürütdüyü müdrik siyasət nəticəsində ölkənin üzləşdiyi təhlükələrin qarşısı alınıb, separatçılıq meyillərinə son qoyulub. Bundan sonra ictimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaradıb.

R.Bağırov bildirib ki, XX əsrin əvvəllərində neft dövləti kimi tanınan Azərbaycanın böyük iqtisadi potensialı olsa da, əvvəllər öz siyasi və iqtisadi müqəddəratını müstəqil şəkildə müəyyən edə bilməyib. İstər XX əsrin əvvəllərində, istərsə də keçmiş Sovet İttifaqı dövründə Xəzər hövzəsində neft ehtiyatlarının həcmini dəqiq müəyyən etmək mümkün olmayıb. “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən 2006-cı ildə qoyulmuş Bakı-Tiflis-Ceyhan neft kəməri istifadəyə veriləndən sonra ölkəyə əhəmiyyətli gəlirlər əldə etmək imkanı yaradılıb. 2007-ci ildə istismara verilən Bakı-Tiflis-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixracatçısına çevirib. 2018-ci ilin mayında Bakıda açılan Cənub Qaz Dəhlizinin təməl daşı 2014-cü il sentyabrın 20-də qoyulub və bu dəhlizin mühüm tərkib hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) də iyunda Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib” deyən dilomat vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir, ölkəmizin enerji resurslarının dünya bazarlarına çıxarılmasına töhfə verir.

Cənab Bağırov neft sənayesinin güclü roluna baxmayaraq, Azərbaycanda qeyri-neft sahələrinin də uğurla inkişaf etdirildiyini nəzərə çatdırıb. Deyib ki, Azərbaycan iqtisadiyyatın bütün sahələrində ciddi islahatlar aparır, ölkənin avtomobil nəqliyyatı şəbəkəsi müasir standartlarda genişləndirilir, dəmir yolu nəqliyyatı inkişaf edir və sair.

“Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahənin inkişafı istiqamətində də geniş işlər görülüb. Təhsil sisteminin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib, minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilib, yeni universitetlər açılıb, bir tərəfdən özəl təhsil sektoru formalaşdırılıb. digər tərəfdən mədəniyyət sektoru inkişaf etdirilib ki, bu da Azərbaycan mədəniyyətinin ölkə daxilində və xaricində irimiqyaslı layihələrdə təmsil olunmasına töhfə verir. Bu, Azərbaycan xalqının sosial həyatının yaxşılaşdırılması üçün yeni məktəblərin, tibb məntəqələrinin, muzeylərin, olimpiya mərkəzlərinin, mədəniyyət müəssisələrinin və istirahət zonalarının tikintisi ilə yanaşı, Azərbaycanda yaradılmış unikal xidmət mexanizmi olan “ASAN xidmət” şəbəkəsinin bu məqsədlə həyata keçirdiyi tədbirlərdir. Bu layihə ünvanlı sosial yardım, aztəminatlı ailələr üçün əlverişli mənzil və ölkənin sosial inkişafının göstəriciləri olan digər layihələrlə yanaşı, dünyanın bir çox ölkələrində öyrənilib və həyata keçirilib”, - deyib R.Bağırov.

Azərbaycanın işğal altındakı torpaqlarının qısa müddətdə geri qaytarılmasından sonra ölkədə gedən tikinti-quruculuq, ümumiyyətlə inkişaf məsələsinə toxunan diplomatımız qeyd edib ki, xüsusilə 2020-ci ildə Azərbaycan torpaqları erməni işğalından azad edildikdən sonra şəhər və rayonlarımızın infrastrukturunun yenilənməsi daha geniş vüsət alıb. Bu gün Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindəndir. Bölgələrdə yaradılmış infrastruktur, yeni hava limanları, mehmanxanalar, gözəl abadlıq işləri turizmin uğurlu inkişafı üçün geniş perspektivlər açır.

“Beynəlxalq miqyasda nüfuzu ildən-ilə möhkəmlənən Azərbaycan dünya ölkələri arasında layiq olduğu yeri tutub, respublikamızda keçirilən mötəbər beynəlxalq toplantılar, forumlar, sərgi və müsabiqələr dövlət başçımızın diqqət və qayğısının əyani sübutudur. Azərbaycan xalqı öz mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və quruculuq əzminə arxalanaraq 31 il ərzində, yəni 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etdikdən sonra suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçib. Azərbaycanın müstəqil dövlət quruculuğunda qazandığı bu uğurların nəticəsidir ki, son 31 ildə prezident İlham Əliyevin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, azərbaycanlıların öz tarixi ilə bağlılığının möhkəmləndirilməsi istiqamətində gördüyü işlər 44 günlük Vətən müharibədə qələbə qazanan gənclərə örnək olub” deyən diplomata görə, 2003-2022-ci illər həm də texnika, silah-sursat, müdafiə və döyüş qabiliyyəti baxımından qüdrətli ordular sırasına daxil olan Azərbaycan ordusunun sürətli inkişaf dövrüdür. “2020-ci ilin 44 günlük döyüşləri Azərbaycan ordusunun qələbə çalaraq ədaləti bərpa etmək üçün gücünü və əzmini dünyaya göstərdi. Bütün dünya 27 sentyabr 2020-ci il tarixindən etibarən İkinci Qarabağ müharibəsi zamanı ordumuzun qüdrətinin, siyasi iradəsinin, Silahlı Qüvvələrin Ali Baş Komandanı Müzəffər İlham Əliyevin məharəti və gücünün bir daha şahidi oldu. Bu gün üçrəngli bayrağımız 30 illik amansız erməni işğalından azad edilmiş torpaqlarımızda dalğalanır. Azərbaycan 2020-ci ildə nadir uğurlu ölkə kimi tarixə düşüb və bu gün erməni işğalından azad edilmiş torpaqlarımızda quruculuq-bərpa işləri böyük uğurla aparılır”, - deyən R.Bağırov əlavə edib ki, ölkə ərazisində aparılan genişmiqyaslı tikinti və sosial infrastrukturun inkişafı məqsədilə bu illər ərzində 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və ya əsaslı təmir edilib. Regionlarda 43 olimpiya idman mərkəzi yaradılıb. Bu rəqəmlər sosial siyasətin daim diqqət mərkəzində olduğunu göstərir.

Azərbaycanla Əlcəzair arasında münasibətlərdən söz açan cənab Bağırov bildirib ki, ikitərəfli münasibətlərin tarixi kökləri var. Xalqlarımız arasında bu əlaqələr Əlcəzairin müstəqillik əldə etməsindən sonra başlayıb və Azərbaycan 1990-cı illərdə müstəqilliyini bərpa etdikdən sonra da inkişaf edib.

“Sovet dönəmində əlcəzairli tələbələr Azərbaycan universitetlərində təhsil alıb, daha sonra Əlcəzairə qayıdıb müxtəlif dövlət qurumlarında işləyiblər. Altmışıncı illərdə Əlcəzair hökuməti çoxlu əlcəzairli gənci Bakı Hərbi Dənizçilik Məktəbində oxumaq üçün Azərbaycana göndərib və həmin müdavimlər Əlcəzair Milli Hərbi Dəniz Qüvvələrində yüksək vəzifələr tutublar. Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan əlcəzairli tələbələr də çox olub. Azərbaycanlılar da Əlcəzairdə müxtəlif neft-kimya sahələrində çalışıblar. Həmçinin 1970-ci illərdə Əlcəzairdə bir çox azərbaycanlı musiqiçilər yaşayıb-yaradıblar. Onlar Əlcəzair iqtisadiyyatının dəstəklənməsinə töhfə veriblər” deyən diplomat tanınmış Azərbaycan bəstəkarı Rauf Hacıyevin Əlcəzairdə musiqiçi kadrların yetişdirilməsində mühüm rol oynadığını, Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə Əlcəzairin müstəqilliyi ilə bağlı üç inqilabi əsər yazıb, həmçinin opera bəstələdiyini xatırladıb.

Diplomat deyib ki, hazırda bu əlaqələr Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdirilir. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri seçilib. Qoşulmama Hərəkatına üzv dövlətlərin Hərəkata uğurlu sədrlik etdiyini nəzərə alaraq, Azərbaycanın sədrlik müddətinin daha bir il uzadılması ilə bağlı müraciətinə rəsmi Bakı müsbət cavab verib. Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatında hazırkı sədrliyi 2023-cü ilə qədər uzadılıb.

“Əlcəzairin mərhum dövlət başçısı Abdelkader Bensalah sammitdə iştirak üçün Azərbaycana səfər edib, daha sonra Bakıda onunla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş olub. Prezident Əliyev bir çox sahələrdə fəal əməkdaşlıq edən iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafının vacibliyini vurğulayıb. Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın təklif etdiyi təqaüd proqramı, o cümlədən Azərbaycanda təhsilini daim davam etdirən əlcəzairli tələbələrə təhsillərini rahat şəkildə davam etdirməsinə imkan verir. Təbii ki, biz iqtisadi-ticarət əlaqələrinin inkişafına səy göstəririk və bu istiqamətdə konkret proqramlarımız var. İki ölkə arasında razılaşdırılmış layihələrin imzalanması gözlənilir. Bu məqsədlə qarşılıqlı səfərlər, o cümlədən müxtəlif sahələrdə rəsmi səfərlərin mübadiləsi nəzərdə tutulur” deyən R.Bağırov qeyd edib ki, Əlcəzair birmənalı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etməyi dəstəkləyir. Bu mövqe beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrin qəbulu zamanı nümayiş etdirilib.

Diplomatın sözlərinə görə, Azərbaycanın Ermənistan üzərində qələbəsi zamanı bir çox əlcəzairli, o cümlədən tələbələr və siyasətçilər səfirliyə təbriklər mesajı göndərərək Azərbaycanın haqq işini dəstəkləyiblər. Bu da təbidir, çünki Əlcəzair xalqı mübariz xalqdır. Müstəqilliyini çətin mübarizə yolu ilə əldə etmiş bir xalq olaraq mənəvi cəhətdən bir-birimizə çox yaxınıq.

İkitərəfli iqtisadi əlaqəkərdən söz açan R.Bağırov deyib ki, ölkələrimizin energetika nazirlikləri arasında əməkdaşlıq mövcuddur. Enerji sahəsində qarşılıqlı səfərlər olub, fəal əlaqələr və yazışmalar hələ də davam edir. Bu müstəvidə Əlcəzairin “Sonatrach” şirkəti ilə Azərbaycanın SOCAR şirkəti arasında münasibətlər xüsusi qeyd edilməlidir.