Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Müşviqabad qəsəbəsində səyyar qəbulu keçirilib.
Hafta.az-ın yazdığına görə, qəbulda 80-ə yaxın qəsəbə sakini, eləcə də rayon hüquq mühafizə orqanlarının, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib.

Sakinlərdən 9 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər insanın ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirərək, qeyd edib ki, həmin ərəfədə qonaqların bir çoxu rayona gələrək, tarixi abidələri, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, karvansarayları, övdanları ziyarət edəcəklər. Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.

Bundan əlavə, Başçı Qərbi Azərbaycan İcmasının işindən söz açıb. O, Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu qeyd edərək bildirib ki, telekanal son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, orada məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geriqayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. Bu işdə əhalinin yaxından iştirak etməsini xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.