Neftçi Klubunda bu qədər pulun hardan olmasına cavab tapa bilmədim - Mirvari Qəhrəmanlı

17:04 30.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“SOCAR-da müvəqqəti layihələr olmur. Orada qeyri-qanuni müvəqqəti əmək müqaviləsi bağlayan işçilər olur. Məsələn, SOCAR 2020-ci ildəki illik hesabatında yazır ki, 500-ə yaxın müvəqqəti işçisi olub. Bu tamamilə yalandır, ona görə ki, SOCAR-da, onun strukturuna daxil olan idarə və müəssisələrdə işçilərlə bağlanmış müqavilələrin 40-60 faizi müvəqqəti müqavilələrdir”. Bunu hafta.az-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Həmsöhbətimiz vurğulayıb ki, SOCAR-da kütləvi ixtisarların olması sözügedən qurum tərəfindən inkar edilsə də, bu mütəmadi olaraq baş verir:

“Bilirsiniz ki, 2020-ci ildə OPEK+ ölkələrinin qərarına əsasən, hasilat azaldıldı. Nəticədə 4 quruda fəaliyyət göstərən neft və qazçıxarma idarələrində quyuların müvəqqəti olaraq bağlanması başladı, bu NQÇİ-lərlə işləyən digər strukturlar da fəaliyyətini dayandırdı. Nəticədə SOCAR-da kütləvi ixtisarlar başladı. Baxmayaraq ki, bu qurumun rəsmiləri dəfələrlə bəyan edib ki, SOCAR-da ixtisar deyil, optimallaşdırma olur.

 Bu əslində kütləvi ixtisar idi. Nədənsə, optimallaşdırma dedikləri siyasət SOCAR-ın baş ofisinin işçilərinə, sayı həddindən artıq çox olan müşavirlərə, bu qurumda çalışan qohum-əqrəbalara aid olmadı. Bu ixtisarları qeyri-qanuni imtahanlarla apardılar ki, tamamilə qanuna zidd idi. Və həmin işçilərə üç təklif oldu, bildirildi ki, kim istəyirsə ya ixtisara düşüb kompensasiya alsın, ya əməkhaqqının 5 mislini alsın, ya da təkmilləşdirmə proqramına qoşulsunlar.

Demək olar ki, əksər işçilər proqrama qoşuldular. Amma bu proqrama qoşulanlarla belə bir siyasət aparıldı ki, onlar şəxsi təşəbbüsləri ilə ərizə verib işdən çıxırdılar və proqrama qoşulurdular. Beləliklə, ixtisar baş vermədiyi görüntüsü yaradıldı. Bu proqramı həyata keçirən Neftçi Klubu idi. Bu klub isə qeyri-hökümət təşkilatıdır. Həmin proqrama qoşulanlara aylıq əmək haqqının 1 il müddətinə 50 faizi verilməli idi. Neftçi Klubunda bu qədər pulun hardan olmasına cavab tapa bilmədim. Bu proqrama qoşulanlara da bildirilmişdi ki, sizə 3 dəfə iş təklif edəcəyik və razı olmadığınız təqdirdə, proqramdan çıxarılacaqsınız. Əksər işçilərə səmərəsiz iş təklif etdilər ki, onlar özləri imtina etsinlər. Nəticədə yenə də ixtisar baş vermədiyi görüntüsü yaradıldı. Çünki ölkə başçısı 2020-ci ilin aprel ayında xəbərdarlıq etmişdi ki, iş yerlərində ixtisarlar olmamalıdır. SOCAR –da bu formada ixtisar olmadığına dair görüntü yaratmış oldu”.