Neftin qiymətinin tavanı Rusiyaya 34 milyard avroya başa gəlib

10:26 06.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Enerji və Təmiz Hava Araşdırma Mərkəzi G7 və Avropa İttifaqı (Aİ) üzvləri də daxil olmaqla bəzi Qərb ölkələrinin sanksiyaları və qiymət tavanlarının Rusiyanın neft ixracına təsiri ilə bağlı araşdırmasını dərc edib.

Hafta.az-ın yazdığına görə, Rusiya xam neftinin barrelinin tavan qiymətinin 60 dollar olmasını və idxal qadağasının 5 dekabr 2022-ci ildə qüvvəyə mindiyi xatırladan araşdırmada, neft sanksiyalarının Kremlin müharibədəki əzmini azaltmadığı ifadə edilib.

Araşdırmada, Qərb ölkələrinin tavan qiyməti və məhdudlaşdırıcı tədbirlərinin "Rusiyanın neft ixracı gəlirlərini 34 milyard avro azaltdığı", Aİ-nin neft idxalına qadağası və G7-nin tavan qiymətinin ölkənin neftdən əldə etdiyi gəliri 14 faiz azaltdığı bildirilib.

Sözügedən təsirin gözləntilərin altında olduğu, sanksiyaların ilin ilk yarısında Rusiyanın neft ixracı gəlirlərinə ciddi təsir göstərdiyi, lakin tavan qiymətinin tətbiq edilməməsi, gücləndirilməməsi və daim nəzarətdə saxlanmamasının Rusiyanın ilin ikinci yarısında bu təsirdən qurtulmasına imkan verdiyi bildirilib.

"Sanksiyaların effektivliyi neftin tavan qiymət siyasətinin adekvat şəkildə izlənilməməsi və həyata keçirilməməsi səbəbindən azalıb. Bu, Rusiyaya neftini müəyyən edilmiş tavan qiymət səviyyəsindən yuxarı satmağa imkan verib", - araşdırmada deyilir.

Tədqiqatda rafinə edilmiş neft məhsulları baxımından hüquqi boşluqların olduğu ifadə edilərək, Rusiya xam neftindən çıxarılan neft məhsullarının qanuni sanksiyalar tətbiq edən ölkələrə daxil ola biləcəyinə diqqət çəkilib.

Araşdırmada neftin tavan qiymətinin aşağı salınması ilə Rusiyanın ixrac gəlirlərinin daha da azalda biləcəyi, bir barel üçün tavan qiymətinin 30 dollar olmasının Rusiyanın gəlirlərini əhəmiyyətli dərəcədə azaldacağı və sanksiyaların pozulmasına görə cəzaların sərtləşdirilə biləcəyi vurğulanıb.

Aİ ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa və 60 dollar/barel tavan qiymət qərarları dekabrın 5-dən qüvvəyə minib. Bu çərçivədə Rusiya nefti üçüncü ölkələrə müəyyən edilmiş qiymətdən yüksək satılarsa, G7 və Aİ ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortası və brokerliyi kimi müxtəlif xidmətlər göstərə bilməz. Bu xidmətləri göstərmək üçün Rusiya nefti tavan qiymətindən aşağı satılmalıdır.

Aİ-nin Rusiyadan dəniz yolu ilə daşınan dizel və maye yanacaq kimi müxtəlif emal olunmuş neft məhsullarına idxal qadağası və bu məhsullar üçün tavan qiymət tətbiqi fevralın 5-dən başlayıb.

Hazırda Aİ ölkələri arasında müzakirə edilən 12-ci sanksiya paketində neftin tavan qiyməti tətbiqinin sərtləşdirilməsini ehtiva edən elementlərin də yer alacağı gözlənilir.

Oxunma sayı 174