Nepalda sutka ərzində COVID-19 virusuna 2722 yoluxma qeydə alınıb. Bu, virus ölkədə yayılmağa başlayandan bəri sutkalıq ən yüksək göstəricidir.
Hafta.az Nepalın Səhiyyə və Əhali Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 82 min 450-yə, ölüm hallarının sayı isə 520-yə çatıb. Bildirilir ki, hazırda Nepalda 21 mindən çox aktiv xəstə var. Nazirlik aktiv xəstə sayının 25 mini ötəcəyi təqdirdə, karantin rejiminin sərtləşdirilə biləcəyini açıqlayıb.
Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra sutkalıq yoluxma sayı 2 dəfə artıb. Nepal Səhiyyə Araşdırmaları Şurasının COVID-19-dan sağalanların bir qrupu arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, onların 99 faizi yoluxmadan əvvəl ölkədə və ya xaricdə səfərdə olub. Ölkədəki COVID-19 pasiyentlərinin təxminən yarısı evlərində və ya yaşadıqları yerlərdə təcrid olunaraq müalicə alırlar.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Amma iyulun son günlərindən başlayaraq yoluxma sayında davamlı artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır.