Nepallı bələdçi 27-ci dəfə Everest zirvəsinə qalxdı

10:45 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nepallı bələdçi srağagün dünyanın ən yüksək zirvəsi olan Everestə 27-ci dəfə qalxaraq öz rekordunu qırıb.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, 53 yaşlı bələdçi Kami Rita səhər tezdən əcnəbi alpinistə ənənəvi cənub-şərq silsiləsi marşrutu ilə rəhbərlik edərkən 8849 metr yüksəklikdəki dağa çıxıb.

Turizm Nazirliyinin rəsmisi Biqyan Kayrala "Bəli, Kami Rita 27-ci dəfə Saqarmatha zirvəsinə qalxdı" deyib.

Rita hələ 2018-ci ildə əvvəl mövcud olan 22 dəfə Everestə qalxma rekordunu qırmış və o vaxtdan bəri ən yüksək zirvəyə qalxan alpinist tituluna sahibdir.

Rita Everestə ilk dəfə 1994-cü ildə kommersiya ekspedisiyasında işləyərkən qalxıb.

“The İndependent” yazır ki, Rita bacarıqlı alpinistlərin məskəni olması ilə tanınan Solukhumbu bölgəsindəki Teme kəndində anadan olub. Onun nepallı bələdçi dostu Pasang Dava da bazar günü 26-cı dəfə zirvəyə qalxaraq Ritanın ötənilki rekordunu təkrarlayıb.

ABŞ-da yerləşən Madison Mountaineering şirkətinin əməkdaşı, 5-i Rita ilə birlikdə olmaqla, Everesti 12 dəfə fəth etmiş Garrett Madison onu "çox güclü alpinist" kimi təsvir edib.

Nepal hökuməti bu il 478 alpinistin Everestə qalxmasına icazə verib. Bu, indiyə qədər ən yüksək rəqəmdir. Əvvəlki rekord 2021-ci ildə 408 nəfərə verilən icazə idi.