Niyə məhz Xankəndi?!

14:05 01.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya yaxın vaxtlarda Xankəndidə Baş Konsulluq açmaq niyyətini açıqlayıb. Belə ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırdıqlarını bildirib. Federasiya rəsmisi konsulluğun 2024-cü ildə açılmasını ideal hesab edib. Rusiyanın Xankəndidə konsulluq açmaq niyyəti nə ilə bağlıdır, məqsəd nədir? Niyə məhz Xankəndi? Moskvanın bu istəyinə münasibət heç də birmənalı deyil.

Milli Məcliin deputatı Arzu Nağıyev bildirir ki, Rusiyanın Xankəndidə baş konsulluq açmaq istəyinin regiona qayıtmaq üçün siyasi plan və bir təhlükə kimi təqdim olunması reallıqla uzlaşmır. Onun sözlərinə görə, regionda cərəyan edən geosiyasi proseslər hansısa dövlətin açmaq istədiyi diplomatik nümayəndəliklə öz məcrasını heç vaxt dəyişən deyil. Mövcud reallıq kimlərinsə yenidən ölkəmizin suverenliyinə yersiz müdaxiləsini inkar edir:

“Rusiyanın Xankəndidə diplomatik nümayəndəlik açmaqla bağlı qaldırdığı məsələ hələ ki, müzakirə edilir və proses konsulluğun fəaliyyət tələblərinə uyğun mövcud şəraitə, reallığa əsasən gerçəkləşə bilər”.

A.Nağıyev Federasiya rəsmisinin fikirlərinə istinadən bildirib ki, Xankəndidə Rusiya diplomatik nümayəndəliyinin açılması qarşılıqlı diplomatik nümayəndəliklərin mövcudluğundakı fərqi aradan qaldırmağa yönəlib.

“Azərbaycanın da Yekaterinburq, Sankt-Peterburq şəhərlərində konsulluqları fəaliyyət göstərir. Konsulluq orada yaşayan, səfər edən azərbaycanlıların bu və ya digər problemlərinin həlli istiqamətində addımlar atır. Eləcə də Rusiyanın Baş Konsulluğu öz fəaliyyətini bu istiqamətdə  quracaq”.

Deputat eyni zamanda bildirir ki, gələcəkdə Zəngəzur dəhlizinin açılması, logistik daşımaların - Orta Dəhlizin Azərbaycan ərazisindən keçməsi, strateji əhəmiyyətli hava limanlarının olması kontekstində Rusiyanın Qarabağda konsuluq açmasına məntiqli yanaşmanı labüd edir: 

“Burada siyasi motivlər axtarmağa dəyməz. Məsələ, hələ ki, Federasiya rəsmisinin verdiyi açıqlama səviyyəsindədir, müzakirə olunmalıdır”.

Siyasi şərhçi Əli Mustafa bildirir ki, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi “geriyə qayıdış” planının  tərkib hissəsi, İrəvanla bağlıdır. Yəni bu, Rusiyanın Ermənistana verdiyi "Qarabağı unutmamışıq, orada konsulluq açırıq ki, gələcəkdə sizi qoruyaq, Paşinyanı hakimiyyətdən uzaqlaşdırın", – mesajları ola bilər.

Ə.Mustafa bildirir ki, Moskva tərəfindən Ermənistanda yenidən hakimiyyət dəyişərsə,  erməniləri Qarabağa qaytarmaq istəyi, onun üzərindən Ermənistanı, Azərbaycanı sıxışdırıb bölgədə qalmaq arzusu unudulmayıb. Onun fikrincə, Federasiya rəsmisinin konsulluqla bağlı söylədiyi fikirlər bu kontekstdə başa düşülməlidir.

“Rusiyanın Cənubi Qafqazla bağlı planları, imperiya iddiaları gündəmdədir. Rusiya zəifləyəndə qınına çəkilir, güclənəndə yenidən maraqlı olduğu əraziləri ələ keçirmək istəyir. Qarabağda konsulluğun açılması ermənilərin bölgəyə qayıtmasına motivasiyadır”.

Ə.Mustafa hesab edir ki, indiki şəraitdə Qarabağda Konsulluğun açılmasına icazə verilməli deyil.

Siyasi ekspert Aydın Quliyev hesab edir ki, Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi sülhməramlıların vaxtından əvvəl, problem yaratmadan Qarabağı tərk etməsindən sonra diqqətçəkicidir. Onun fikrincə, bu, birdən-birə deyil, diplomatik kanallarda müəyyən müzakirlərdən sonra önə çıxarılmış məsələdir:

“Bu, Rusiyanın istəyidir. Bölgədə 200 ildən artıq mövcud olmuş bir ölkə kimi bölgəni tərk etmək istəmir. Rusiya bölgədə mümkün qədər siyasi, diplomatik, hərbi  mövcudluğunu saxlamaq istəyir”.

A.Quliyev Baş Konsulluğun açılmasının bir neçə ehtimalla izah edilməsini mümkün sayıb. O, qeyd edib ki, Vətən müharibəsindən sonra və rus sülhməramlılarının Qarabağda mövcud olduğu bir vaxtda Rusiya Gorusda Baş Konsulluq açmaq istədiyini bildirmişdi. O zaman Rusiya ilə münasibətləri sabit olan Ermənistan buna elə bir aqressiv münasibət göstərmirdi. Sonradan İran da Baş Konsulluq açmaq məsələsini ortaya gətirdi və Qərbi Zəngəzurda İranın Baş Konsulluğu açıldı. Rusiyanın konsulluğu isə açılmadı. Bu, Rusiya-Ermənistan münasibətlərindəki gərginləşən mövqelərin təsiri ilə baş vermişdi. Buna görə də Rusiya Qərbi Zəngəzurda Baş Konsulluğun ola biləcəyi ehtimalının azaldığını və belə şəraitdə Baş Konsulluğun Qarabağ bölgəsində açılmasını daha real hesab edib”.

A.Quliyev hesab edir ki, Azərbaycanla Rusiyanın indiki münasibətləri konsulluğun açılmasına imkan verir:

“Birincisi, bu, Qərbi Zəngəzurda Baş Konsulluq açmaq ehtimalının qeyri-real olması bağlıdır. 

İkincisi, Rusiyada müəyyən dairələr ermənilərin hansısa sayda, səviyyədə Qarabağa qayıtmaq ehtimallarını kənara qoymaya bilər. Üçüncüsü, Ermənistan işğalçıları 30 ildə Qarabağı və Şərqi Zəngəzuru darmadağın ediblər, bu bölgələrin bərpasında Rusiyanın iştirakçılığını təmin edə  bilər ki, Rusiya da bunu istəyir. Eyni zamanda, Rusiya regionları ilə Azərbaycan bölgələri arasında ciddi ticarət əlaqələri var. Ehtimal etmək olar, Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ bölgəsində iqtisadi, investisiya və ticarət siyasətinin getdikcə güclənəcəyi gözlənilir. Buna görə də Baş Konsulluq orada lazım olacaq”.

 

Siyasət rubrikasından digər xəbərlər