“Növbəti hərbi əməliyyatlar daha SƏRT OLACAQ...”

13:55 15.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda yaşayan erməniləri düzgün addım atmağa səsləməsi ictimaiyyət tərəfindən maraqla izlənir, ermənilərin bundan sonra hansı addımları atacağı birmənalı qarşılanmır. Məlumdur ki, dövlət başçısı Qarabağda yaşayan ermənilərə yönəlik bir sıra mesajlar verib və onları mövcud reallıqla barışmağa dəvət edib. Bir daha bəyan edib ki, ermənilərin Azərbaycan daxilində nə statusu olacaq, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı... 

Amma Azərbaycandan rəsmi olaraq ermənilərə yönəlik səslənən sülh, birgə yaşayış çağırışları, bu gün təxribatlarla, evlərin yandırılması ilə qarşılanır. Bu cür faktlar regiondakı vəziyyəti hansı istiqamətə aparır, hərbi təxribatlar səngiyəcəkmi?

Hərbi təhlilçi Alp Arslan İmamqulu hafta.az-a açıqlamasında bildirib ki, Azərbaycan 10 noyabr razılaşmasına müvafiq olaraq bütün öhdəlikləri yerinə yetirib. Onun sözlərinə görə, xüsusilə Laçın yoluna alternativ yolun açılması o deməkdir ki, Laçın, Zabux, Sus yaşayış məntəqələri tez bir zamanda boşaldılmalıdır. Çünki bu yaşayış məntəqələrində qanunsuz məskunlaşmalar 1994-cü ildən etibarən həyata keçirilmişdir.  Mövcud vəziyyətdə isə üçtərəfli sazişin tələbləri ardıcıl olaraq yerinə yetirilir. 

“Proseslərə bu zəmində baxılarsa, artıq insanlarımızın qayıdış proqramı çərçivəsində öz doğma vətənlərinə qayıtmaları qaçılmazdır”.

Hərbi təhlilçi qeyd edib ki, prosesin gedişatında hər zaman olduğu kimi dırnaqarası Ermənistan respublikasının təxribatları artıb. Lakin baş verən təxribatlarda düşmən öz layiqli cavablarını aldı.  Onun fikrincə, “Qisas”, antiterror əməliyyatlarını bu müstəvidə qiymətləndirmək olar.

“Öz revanşist fikirlərini davam edən Ermənistan düşmənçilik mövqeyindən əl çəkmir. Separatçı qruplar bundan sonrakı dönəmdə də bu cür təxribatlara əl atmaq istəsələr təkrar düşünmüəlidirlər. Çünki Azərbaycanın növbəti əməliyyatları daha sərt, daha qətiyyətli olacaq”.

A.A.İmamqulu ermənilərə qanunsuz məskunlaşdıqları əraziləri tərk etmələri üçün bəlli bir vaxtın qoyulduğunu deyib. Onun fikrincə, Azərbaycan xalqı da mərhələli şəkildə öz doğma yurdalarına dönməlidir: “Bu mütləqdir, qaçılmazdır və burda artıq geriyə dönüşü yoxdur”.

Hərbi təhlilçi bildirib ki, “Azərbaycan xalqının öz yurdlarına geri dönməsi”, deyərkən bu qayıdış məsələsi sadəcə Qarabağ və ondan kənarda işğal altında tutulan ərazilərimizə deyil, eyni zamanda indiki Ermənistan sərhədləri daxilində qalan tarixi Qərbi Azərbaycandan didərgin düşən  insanlarımız üçün də keçərlidir.  Hansı ki, milyonlarla soydaşımız öz tarixi torpaqlarından müxtəlif dövrlərdə didərgin salınıblar. 

“Canlı şahidlər və tarixi faktlar sübut edir ki, soydaşlarımız İrəvandan, Göyçədən, Vedibasardan -Qərbi Zəngəzurdan sadəcə evlərini tərk edib çıxmayıblar. Qərbi Azərbaycandan didərgin salınan soydaşlarımız, soyqırımlara, qətliamlara məruz qoyularaq zorla öz torpaqlarından uzaqlaşdırılıblar. Təbii ki, vaxt gələcək onlar da öz doğma yurdlarına qayıdacaqlar”.

Oxunma sayı 296