Bu ilin iyulun 1-dən Azərbaycanda taksilərlə bağlı yeni qaydalar qüvvəyə minəcək. Yeni tələblərə əsasən, buraxılış tarixindən 15 ildən artıq müddət keçməyən avtomobil nəqliyyatı vasitələri üçün 3 ay ərzində elektron qaydada müraciət edərək müvafiq icazələri alanlar taksi fəaliyyətlərini davam etdirə bilərlər. Həmçinin taksi minik avtomobilinin daxilində sürücü və daşıyıcı barədə məlumatları əks etdirən məlumat lövhəsinin, taksometr və ya taksometr funksiyalarını yerinə yetirən proqram təminatı olan mobil cihazın, gedişhaqqının nağdsız ödənilməsi üçün POS-terminalın yerləşdirilməsi də şərt kimi qoyulub.
Bundan başqa, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib. Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Bəs, görəsən, yeni tələblər bazara necə təsir göstərəcək? Bu addım qiymətlərə təsir göstərəcəkmi?
Mövzu ilə bağlı nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, yeni qaydaların həm müsbət, həm də mənfi tərəfləri mövcuddur: “Bu gün Bakı şəhərində həddindən artıq taksi avtomobilləri var. Taksi fəaliyyəti ilə isə məhz peşəkarlar məşğul olmalıdır. Bu işə əyləncə kimi baxan şəxslər gedib başqa işlərlərlə məşğul olsalar, daha yaxşı olacaq. taksi peşəkar sahə kimi yenidən dirçəlməlidir. Taksi ictimai nəqliyyatın bir qoludur və burada da sürücülər avtobus seqmnetində çalışan həmkarları kimi səliqəli qayda qanuna riayət edən olmalıdırlar. Yeni qaydalar buna imkan verir”.
Ekspert vurğulayıb ki, Bakı şəhərinin də digər şəhərlər kimi öz xüsusiyyətləri var: “Paytaxt olaraq Bakıda minik avtomobillərinin rəngləri ağ və qırmızı olaraq seçilib. Bu da normaldır və prinsipial məsələ deyil. Qayda taksi operatoru şirkətləri ilə və fərdi qaydada çalışan vətəndaşlara da şamil olunur. Onlar da taksi fəaliyyəti ilə məşğul olursa, avtomobillərinin rəngləri ağ və qırmızı olmalıdır. Yeni qaydaların mənfi tərəflərinə gəlincə, bu qərarda mənfi tərəfləri şərtləndirən müxtəlif amillər də var. Məsələn, əgər taksilərlə bağlı yeni qaydaları tətbiq etsək və ictimai nəqliyyatın avtobus və taksi seqmentini gücləndirməsək, orada da əlçatanlığı təmin edə bilməsək, marşruta buraxılan avtobusların, metro qatarlarının sayını artırmasaq, bu zaman avtomobilləşmə yenidən vüsət ala bilər”.
Onun sözlərinə görə, əgər taksilərin sayı kəskin azalacaqsa, tələb çoxalacaq, təklif isə azalacaq: “Belə olanda vətəndaşlar yenə də fərdi avtomobillərə üstünlük verəcəklər. Təzə maşın ala bilməyənlər belə köhnə maşın alacaqlar. Bu hal gözləniləndir”.
Məsələ ilə bağlı sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, yeni tələblər bir sıra çətinliklər yaradacaq: “Yeni tələblər taksi fəaliyyəti ilə məşğul olan şirkətlər və ya fiziki şəxslər üçün əlbəttə ki, müəyyən çətinliklər yaradacaq. Çətinliklər o olacaq ki, məsələn, tələblərə əsasən taksi avtomobilləri yalnız ağ və ya qırmızı rəngdə olmalıdır, minimum “Avro-5” standartına cavab verməlidir, istehsal tarixi 15 ildən çox olmamalıdır. Bu tələbatın hazırda taksi fəaliyyəti göstərən əksər nəqliyyat vasitələrində mövcud olmaması sirr deyil. Bu isə o deməkdir ki, yenidən taksi fəaliyyəti ilə məşğul olmaq üçün istər fiziki sahibkarlar, istər taksi şirkətləri, qısa müddət ərzində bu tələblərə cavab verən avtomobilə sahib olmaq üçün mövcud avtomobillərini ya satmalıdırlar, ya dəyişdirməli və ya rəngləməlidirlər. Bu da müəyyən xərclər yaradacaq”.
Bununla yanaşı ekspert qeyd edib ki, taksilərlə bağlı yeni tələblər avtomobillərin və sərnişinlərə göstərilən xidmətin keyfiyyətini artıracaq: “Belə olan halda əlbəttə ki, qiymət artımı qaçılmazdır. Düşünürəm ki, həmin bu xərclər qarşılığında taksi daşımalarının qiymətində ciddi artım olacaq. Qiymət artımı qaçılmaz olsa da, hər bir halda keyfiyyətli xidmətin şahidi olacağıq. Çünki bütün bu tələblər vətəndaşlar, onların təhlükəsizliyi və rahatlığı üçündür”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli də qeyd edib ki, yeni standartların müəyyənləşdirilməsinin taksi bazarına müəyyən təsirləri olacaq: “Lakin irəli sürülən tələblər normal tələblərdir. Dünyanın hər yerində taksinin rəng standartı, taksometr və videoregistrator tələbi olur. Bunlar təhlükəsizlik məsələləridir. Əslində dövlət taksi bazarını tənzimləmək üçün saya müdaxilə etməkdənsə, standartlar müəyyən etməlidir ki, vətəndaşın təhlükəsiz hərəkəti və ətraf mühitin təmizliyi təmin edilsin. Nəticədə əhali keyfiyyətli xidmətləri ilə təmin olunmalıdır. Qiymət və sayla bağlı fikirlər isə lazımsızdır”.
Qoyulan tələblərin qiymətlərə təsirinə gəlincə ekspert deyir ki, buraxılış ili ilə bağlı qoyulan 15 illik limitin bazara əhəmiyyətli təsiri olmayacaq: “Taksi bazarında qiymətlər taksi təklifi aşağı düşdüyü halda yüksələ bilər. Bu tədbirlərin taksi sayına əhəmiyyətli təsir göstərəcəyini düşünmürəm. Taksi provayderləri vəziyyətə adaptasiya oluncaq, öz parklarını dəyişəcəklər”.
X.Kərimlinin sözlərinə görə, son 20-30 ildə taksi fəaliyyəti ilə bağlı ciddi addımlar atılmırdı və azad rəqabət mövcud idi: “Lakin bunun da bir çox problemləri ortaya çıxdı. Taksi fəaliyyəti ilə bağlı standartların müəyyən edilməsi, taksi təklifinə və qiymətlərə təsir edə bilər, lakin güman etmirəm ki, bu, kəskin qiymət fərqlərinə gətirib çıxaracaq. Bazarda rəqabət davam etdiyi müddətdə qiymətlər sərbəst formalaşacaq. Hökumət də birdən-birə bazarı silkələmək əvəzinə, müəyyən qədər təsir edəcək”.