Rusiya Federasiyasının Vladimir vilayətində oğullarına “Putin” adını qoymuş valideynlər indi “tövbə edərək” ona normal ad qoyublar.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu haqda yerli KİV-ə müsahibəsində Aleksandrovski rayonunun qeydiyyat idarəsinin rəhbəri Yekaterina Belous danışıb.
Onun sözlərinə görə, əvvəlcə valideynlər uşağa Rəsul adını veriblər, lakin müəyyən səbəblərdən onun adını “Putin” qoymaq qərarına gəliblər. Bu, 2017-ci ildə baş verib. Ancaq indi valideynlər fikirlərini dəyişib və oğullarının əvvəlki adını qaytarmağı qərara alıblar.
"Valideynlər artıq bizimlə yenidən əlaqə saxlayıblar, onlarla məsləhətləşdik. Belə deyək ki, onlar bunu etdiklərinə görə məyus olublar. Onlar uşağa yeni doğulmuşkən qoyulmuş adı ona qaytarmaq istəyirlər", - Belous belə deyib.
Məmurun müsahibəsi yerli qəzetin saytında dərc edilib, lakin sonradan uşağın şəxsi məlumatlarının açıqlanması səbəbindən silinib. Amma hələ də nəşrin "Vkontakte" sosial şəbəkəsindəki səhifəsində mövcuddur.