Onlarla alman ekstremisti Ukraynaya döyüşməyə gedib; onların əksəriyyəti Rusiya tərəfində vuruşub.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə “Welt” nəşrinin sorğusu əsasında Almaniya Federal Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları “ekstremizm və ya siyasi motivli cinayətlərdə əli olan” 61 nəfərin Almaniyadan getməsini qeydə alıblar. Onların arasında həm sağçı, həm də solçu ekstremistlər var.
Onlardan ən azı 39-nun Almaniyanı “döyüş əməliyyatlarında iştirak etmək niyyəti ilə” tərk etdiyi bildirilir. Bunlardan 27-si Rusiya, 12-si Ukrayna tərəfindədir. Onların əksəriyyəti haqda Berlində hərbi əməliyyatlarda iştirakı ilə bağlı konkret məlumatlar var.
"Welt" qeyd edir ki, Ukraynada döyüşən almanların faktiki sayı daha çoxdur. Bununla belə, Almaniya hakimiyyəti yalnız ekstremizmlə əlaqəli insanlar haqqında məlumat toplayır. Məsələn, bir çox keçmiş Bundesver əsgərləri Ukrayna ordusunun tərkibində Beynəlxalq Legionda qoşulublar.
Ukraynadakı hərbi əməliyyatlarda iştirak faktının özü Almaniya qanunları ilə cəzalandırılmır, çünki söhbət nizami ordularda xidmətdən gedir. Federal Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, "könüllü dəstələr" və ya "milis" ilə vəziyyət fərqlidir, onların iştirakı artıq muzdluluq kimi qiymətləndirilə bilər.
Lakin alman deputat Roderix Kizevetter bu vəziyyəti tənqid edib.
“Ukraynaya hücumda iştirak etmək üçün könüllü olaraq Rusiya silahlı qüvvələrinə və ya terrorçu qruplara qoşulan insanlar və ya ekstremistlər Almaniyaya qayıtdıqdan sonra mühakimə olunmalıdırlar”, - deyə o qeyd edib ki, Rusiya Federasiyasının tərəfində müharibədə iştirak özlüyündə “müharibə cinayətlərində və insan hüquqlarının pozulmasında sistemli iştirak” deməkdir…