Öskürək siropu 69 uşağı öldürdü, 23 nəfər həbs edildi

10:19 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın paytaxtı Daşkənddə keçən il Hindistanda fəaliyyət göstərən Marion Biotech şirkətinin istehsalı olan "Dok-1 Max" adlı öskürək siropundan istifadə edən 69 uşağın ölümü ilə bağlı açılan məhkəmə prosesi başa çatıb.

Hafta.az-ın yazdığına görə, iddia çərçivəsində təqsirləndirilən şəxslər ölümə səbəb olan keyfiyyətsiz dərman preparatlarının istehsalı və satışı, vəzifələrini yerinə yetirməmək və sui-istifadə kimi cinayətlərə görə mühakimə olunublar.

Məhkəmə ölkəyə siropu idxal edən “Kuramax Medikal” və bu dərmanın ölkədə istifadəsinə icazə verən “Dərmanların Standartlaşdırılması Elmi Mərkəzi”nin vəzifəli şəxsləri də daxil olmaqla 23 təqsirləndirilən şəxsə 2 ildən 20 ilədək həbs cəzası verib.

Qərara əsasən, bəzi təqsirləndirilən şəxslər vəfat edən uşaqların ailələrinə təzminat ödəyəcək, bəziləri isə müəyyən müddətə müvəkkil müəssisələrdə işləyə bilməyəcəklər. Məhkəmə Hindistan əsilli “Dok-1 Max” adlı öskürək siropunun istifadəsi nəticəsində ölkədə ümumilikdə 69 uşağın öldüyünü müəyyən edib.

Səmərqənddə sözügedən siropdan istifadə edən 18 uşağın ölümündən sonra araşdırma başladılıb. Özbəkistan Səhiyyə Nazirliyi də öskürək siropunun tərkibində zəhərli “etilen qlikol” aşkarlayıb və siropun satışını yasaqlayıb. Hindistan öskürək siropu qalmaqalından sonra “Marion Biotech” şirkətinin istehsal lisenziyasını ləğv edib.

Eyni dövrdə Hindistanda istehsal edilən başqa bir sirop Qambiyada ən azı 70 uşağın ölümünə səbəb olub. İndoneziyada 2022-2023-cü illər arasında başqa bir öskürək siropundan ən azı 200 uşağın öldüyü müəyyən edilib.

Oxunma sayı 185