Özbəkistanda 24 saat fəaliyyət göstərən turizm mərkəzləri yaradılacaq

09:15 18.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda turizm sənayesinin inkişafı çərçivəsində 24 saat fəaliyyət göstərən turizm mərkəzləri yaradılır, “Özbəkistanda başqa bir gün”, “Hər mövsümdə səyahət” və digər layihələr həyata keçirilir.

Hafta.az-ın yazdığına görə, Özbəkistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, dövlət başçısı Şavkat Mirziyoyev turist axınının artırılmasına dair təqdimatla tanış olub. Onların potensialının tam miqyasda həyata keçirilməsi xarici turistlərin sayının artmasına və il boyu Özbəkistana səfərlərinə təkan verəcək.

Belə ki, turistlər üçün ən cəlbedici 12 rayon və şəhərdə turizm mərkəzlərinin yaradılması nəzərdə tutulur. Restoranları, kafeləri, səhiyyə ocaqları, hovuzları olan bu mərkəzlər gecə-gündüz fəaliyyət göstərəcək.

Kurort zonalarında və əyləncə komplekslərində beynəlxalq brendlərin mağazaları açılacaq, milli ipək parçalar, suvenirlər, zinət əşyaları və qızıl külçələrin satışı təşkil olunacaq. Bu məqsədlə, 2027-ci il yanvarın 1-dək turizm mərkəzlərində fəaliyyət göstərən sahibkarların torpaq və əmlak vergisi dərəcələri 90 faiz azaldılacaq, 2026-cı il martın 1-dək isə turizm mərkəzlərində fəaliyyət göstərən sahibkarlar üçün zəruri olan avadanlıq və texnologiyalar gömrük rüsumlarından azad ediləcək.

Bu ildən etibarən “Özbəkistanda başqa bir gün” proqramın icrasına başlanılacaq. Regionlardakı turizm obyektlərini birləşdirən “respublika turizm halqaları”nın, eləcə də rayon və şəhərlər arasında “regional turizm halqaları”nın yaradılmasını nəzərdə tutur. Turizm Komitəsi Turizm Marşrutlarının Vahid Reyestrini aparacaq.

“Hər mövsümdə səyahət” proqramının da həyata keçirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində yaz və payız aylarında ekoloji, ekstremal, müalicəvi və sağlamlıq turizminin, yayda su və kurort turizminin, qışda ekstremal və xizək turizminin təşviqi istiqamətində tədbirlər icra olunacaq. Turizm mövsümünün açılışında festivallar keçiriləcək.

Özbəkistanın turizm potensialının xaricdə təbliği məqsədilə “turizm səfirləri” institutu tətbiq ediləcək. Hər iki ildən bir may ayında mükafat fondu 2 milyon dollar olan “Silk Fabrics of Uzbekistan” Beynəlxalq Moda Həftəsi keçiriləcək. Sənətkarların dəstəklənməsi, müalicə turizminin inkişafı, beynəlxalq təcrübənin turizm təhsilinə tətbiqi istiqamətində də tədbirlər nəzərdə tutulur.

Özbəkistanın dövlət başçısı bu təklifləri bəyənib, ekoturizmin daha da inkişaf etdirilməsi, əlilliyi olan şəxslərin səyahətləri üçün lazımi şəraitin yaradılması ilə bağlı tapşırıqlar verib.

Bildirək ki, turizm sənayesi Özbəkistan iqtisadiyyatının ən sürətlə inkişaf edən və perspektivli sahələrindən birinə çevrilib. Ötən il turizm xidmətlərinin ixracı 2 milyard dolları ötüb.2030-cu ilə qədər Özbəkistan xarici turist axınını 15 milyon nəfərə çatdırmaq niyyətindədir.