Azərbaycanda yeni tədris ili hər il sentyabrın 15-də başlayır. Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib ki, qeyri-adi nəsə baş verməsə, bu il də tədris ilinə sentyabrın 15-də başlanılacaq. Azərbaycanda fəaliyyət göstərən özəl orta məktəblərdə yeni tədris ili dövlət müəssisələrindən fərqli olaraq sentyabrın 15- də deyil, fərqli tarixlərdə başlayır. Bəzi özəl orta məktəblərdə avqustun əvvəlindən yeni tədris ilinə start verilib. Bəziləri isə avqustun 25-dən yeni dərs ilinə başlayacaqlar.
Maraqlıdır, yeni tədris ilinin dövlət və özəl ümumtəhsil müəsissələrində fərqli tarixlərdə başlaması nədən qaynaqlanır? Hansı səbəbdən özəl məktəblər dövlət təhsil müəssisələri ilə eyni vaxtda tədris ilinə başlamırlar? Bu məsələdə qanunvericilik nə deyir? Bu istiqamətdə vahid sistem tətbiq etmək olarmı?
Mövzunu qəzetimizə şərh edən Milli Məclisin Elm və təhsil komitəsi üzvü, millət vəkili Ceyhun Məmmədov deyib ki, bu məsələdə vahid sistem tətbiq edilməlidir:
“Yeni tədris ilinin ayrı-ayrı vaxtlarda başlamasını düzgün hesab etmirəm. Düşünürəm, hamı eyni vaxtda başlamalıdır və yaxşı olardı ki, tədris ili sentyabrın 1-dən başlasın. Bu belə olduqda əlbəttə, həm tədris, həm təhsilə öz ciddi təsirini göstərir. Ona görə çalışmalıyıq ki, bu məsələdə reallıq nəzərə alınsın və müxtəlif vaxtlarda deyil, hər kəs eyni vaxtda yeni tədris ilinə başlasın. Bunun üçün də düşünürəm ki, ortaq məxrəcə gələrək sentyabrın 1-dən yeni dərs ilinə başlaya bilərik. Bu istiqamətdə də ümumi qaydalara əməl edə bilərik. Amma indiki vəziyyət sistemsizlik və müxtəlif suallar yaradır. Dünyanın müxtəlif ölkələrində tədris ili ayrı-ayrı dövrdə başlayır. Amma söhbət bizim ölkəmizdən gedirsə, hesab edirəm ki, ölkəmizdə vahid bir sistemin tarixinin tətbiq edilməsi məqsədəuyğundur”.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov isə özəl məktəblərdə yeni tədris ilinin dövlət təhsil müəssisələri ilə eyni vaxtda başlamamasında heç bir qəbahət görmədiyini bildirib:
“Özəl orta məktəblərdə yeni tədris ili dövlət müəssisələrindən fərqli olaraq sentyabrın 15- də deyil, müxtəlif tarixlərdə başlayır. Bunlar adlarından da göründüyü kimi, özəl məktəblərdir. Və onlarlara bağlı qərarı məktəbin rəhbərliyi, bir çox hallarda həmin məktəblərin idarəetməsini həyata keçirən idarə heyəti verir. Yəni, onlar yeni tədris ilinin tarixini seçməkdə sərbəstdirlər. Artıq bir çox orta məktəblərdə avqustun əvvəllərindən yeni tədris ilinin başlaması halları var və bəziləri də avqustun 25-dən tədrisə başlayacaqlar. Bir daha qeyd edirəm ki, onlar özəl məktəb olduğundan tarix seçməkdə də sərbəstdirlər. Eyni zamanda, bu məsələ fərqlilik həm də özəl məktəblərdə mövcud infrastrukturdan qaynaqlanır. Çünki bu müəssisələrdə vahid soyutma sistemin olması yayda dərslərin tədris olunmasında hansısa çətinlik yaratmır. Yəni, hesab edirəm ki, bu məsələdə hansısa qəbahət də yoxdur. Əslində bunlarla bağlı qanunvericilik aktı da yoxdur. Özəl məktəblər fəaliyyətlərini öz nizamnamələri əsasında, eyni zamanda, Elm və Təhsil Nazirliyindən alınmış lisenziya əsasında qururlar. Həm tədris zamanları, həm dərs ilinin başlaması, həm dərs ilinin sona çatması həmin özəl məktəblərlə onların müştəriləri qismində iştirak edən valideynlər tərəfindən imzalanmış müqavilə əsasında həyata keçirilir. Və bu müqavilədə bütün detallar öz əksini tapmalıdır. Güman edirəm, bunlar valideynlərlə razılaşdırılmış formada reallaşdırılır. O ki qaldı bu məsələdə vahid sistemin tətbiq olunmasına, düşünürəm ki, mümkün deyil. Hər bir özəl orta məktəbin öz fərqli idarəetməsi var. Bu idarəetmə vahid mərkəzdən idarə olunmadığı üçün dərs ilinin başlanması və digər məsələlərlə bağlı vahid qərarlar müəyyənləşdirmək qeyri-mümkündür. Əslində o fikirdəyəm ki, tutaq ki, dövlət orta məktəblərində dərs ilini sentyabrın 15-də başlayıb iyunun 14 də bitməsi və arada olan 3 aylıq yay tətili heç də yaxşı hal deyil. Lakin bu məsələ əlbəttə ki, daha çox iqlim şəraiti ilə bağlıdır. Məsələn, biz fərqli ölkələrə baxsaq görərik ki, onlarda da dərslər fərqli tarixlərdə başlayır. Tutaq ki, Almaniyada dərslər avqustda başlayır. Bəzi ölkələr var ki, ən uzun tətil heç 45 gündən artıq deyil. Yəni, 3 aylıq tətil müddəti şagirdləri məktəbdən xeyli uzaq salır. Nəzərə alaq ki, dərslərin başlaması ilə təxminən 1 həftə şagirdlərin məktəbə adaptasiya prosesi gedir. Digər tərəfdən dərs ilinin sonları da bir çox hallarda şagirdlərin fikirləri yayınır, daha çox yay tətili ilə bağlı planlar qururlar. Bütün bunları nəzərə alsaq görürük ki, əslində yay tətili 3 aydan da çox olur. Nəticədə şagirdlər təhsildən xeyli uzaq düşürlər. Qeyd etdiyim kimi, iqlim şəraiti, şagirdlərin sağlamlığı bizim üçün daha önəmli olduğundan dövlət bu qərarın üzərində dayanıb. Hesab edirəm ki, dərslərin sentyabrın 1-də başlayıb iyunun 14-də başa çatması dövlət məktəbləri üçün daha optimal ola bilərdi”.