Pakistan müasir kənd təsərrüfatı layihəsinə start verir

10:30 26.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Baş naziri Şahbaz Şərif Ravalpindidə ərzaq təhlükəsizliyini təmin etmək, müasir kənd təsərrüfatını təşviq etmək və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, minlərlə hektar baxımsız və əkilməmiş torpaqları münbit torpaqlara çevirmək üçün yüksək mərkəzin yaradılmasını nəzərdə tutan "Torpaqların idarə edilməsi və məlumatlandırma" proqramının açılışını edib.

Hafta.az-ın yazdığına görə, Pakistan Ordusunun Strateji Layihələr Bölməsinin direktoru general-mayor Şahid Nəzir layihənin idarə olunmasını öz üzərinə götürüb. Bu jest Pakistan Silahlı Qüvvələrinin layihənin idarə edilməsində, uğurunda verdiyi töhfəni və ordunun müxtəlif sahələrə marağını göstərir.

Nəzir mətbuata açıqlamasında bunları deyib: “Torpaq və məhsullardan tutmuş hava şəraitinə, su ehtiyatlarının idarə olunmasından tarlada həşəratlarla mübarizəyə qədər kənd təsərrüfatı ilə bağlı bütün sektorlar üzərində iş aparılacaq və bu proqram çərçivəsində Pakistan iqtisadiyyatını stimullaşdırmaq, investisiyaları asanlaşdırmaq üçün xüsusi şura yaradılacaq. Proqramla bağlı xarici yardımın təfərrüatlarına gəlincə, Səudiyyə Ərəbistanı müxtəlif kənd təsərrüfatı layihələrinə 500 milyon dollar dəyərində yardım göstərib və Pakistanın ixracını artırmağa kömək edəcək bu layihəyə Çin, Qətər, BƏƏ və Bəhreyn də töhfə verib”.

Aqrar islahatlara nə üçün ehtiyac var?

Kənd təsərrüfatı Pakistanın yerli istehsalının 23 faizini təşkil edir. Bu, fermerlərin 37 faizini işlə təmin edir.

General-mayor Nəzir layihənin əhəmiyyəti və məqsədlərindən danışarkən deyib ki, mövcud kənd təsərrüfatı məhsulları yerli ehtiyacları ödəmək üçün kifayət etmir. Məsələn, buğdaya tələbat ildə 30,8 milyon tonu ötür, yerli istehsal isə cəmi 26,4 milyon tona yaxındır. Pambıq istehsalı da son 10 ildə 40 faiz azalıb. Ümumilikdə, Pakistanın kənd təsərrüfatı məhsullarının idxalı 10 milyard dollara çatır və bu, bir çox müasir iqtisadi problemlərin həlli məqsədilə bir çox addımların atılmasını zəruri edir. Artıq bu müstəvidə Pəncab əyalətində işlərə başlanılıb.

“Bu layihə ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədi daşıyır. Bu, idxalı azaldaraq ixracı artıracaq. Bu, həm də yeni iş yerləri yaradacaq. Layihə müasir məlumatların təhlili və məlumat toplama vasitələrinə əsaslanacaq. Bu yolla kənd təsərrüfatında çətinliklər, maneələr və problemlər daha asan aşkarlanacaq. Müvafiq həll yolları tapılacaq və məlumatlı qərarlar qəbul ediləcək. Proqram baxımsız qalmış torpaqların bərpasına yönəlib” deyən general-mayor Nəzir deyib: "Müasir texnologiya və suvarma sistemindən istifadə etməklə və mövcud resurslardan istifadə etməklə müxtəlif sahələrdə mütəxəssislərlə çalışaraq, ölkənin bütün bölgələrində ərzaq qıtlığını aradan qaldıracaq, hətta kənd təsərrüfatı məhsullarını ehtiyacdan kənara çıxaracağıq. İlk kənd təsərrüfatı islahatı və "Yaşıl İnqilab" layihəsi 1960-cı illərdə başlayıb və bu, istehsalın 3 milyon tondan 7 milyon tona qədər artmasına səbəb verib. Lakin bu gün Pakistanın kənd təsərrüfatı məhsulları 1960-cı illərin orta göstəricisindən aşağı olaraq qalır”.

Yeni yaradılmış layihə mərkəzinin məlumatlarına görə, Pakistanda əkin sahəsi 79,6 milyon hektardır. Bunun 24 milyon hektarı hazırda becərilir. İndiyədək 9 milyon hektar boş və kənd təsərrüfatına yararsız ərazilər olsa da, onlar abadlaşdırılaraq əkin üçün hazır vəziyyətə gətirilir.

Bu arada kənd təsərrüfatı islahatı proqramının təşviqi fəaliyyətləri çərçivəsində keçirilən Yaşıl Pakistan Simpoziumunda çıxış edən Pakistan Silahlı Qüvvələrinin komandanı general Asim Munir aşağıdakı məqamlara diqqət çəkib: "Bizdə hər şey var, heç kim bizim inkişafımıza mane ola bilməz. Bizə lazım olan tək şey bu ölkənin yaşaması üçün birgə çalışmaqdır”.