Pakistanda qanunsuz məskunlaşan əfqanlar deportasiya edilir

11:26 01.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan hökuməti ölkədə qeyri-qanuni məskunlaşmış əcnəbilərin, o cümlədən əfqanların təyin olunmuş müddət bitdikdən sonra deportasiyası üçün ümummilli əməliyyata başlayıb.

Hafta.az-ın yazdığına görə, Daxili İşlər Nazirliyi ölkə tarixində ilk dəfə olaraq 1946-cı il Aktına əsasən qeyri-qanuni məskunlaşan əcnəbiləri deportasiya etmək üçün bütün əyalətlərdə əməliyyat keçirir.

Müvəqqəti hökumət hər hansı pakistanlının sözügedən əcnəbilərə sığınacaq verməsi faktı aşkar edilərsə, ciddi hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

Repatriasiya planı Pakistanda qeyri-qanuni yaşayan bütün əcnəbilərə şamil ediləcək. Planın tətbiqi zamanı heç bir ölkə və ya milliyyət nəzərə alınmayacaq.

Təhlükəsizlik qüvvələri mühacir əfqanların xəritəçəkmə və geohasarlama yolu ilə müəyyən edilməsi prosesini başa çatdırıb. Sindhdə yaşayan 200 min qeyri-qanuni əcnəbinin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi də tamamlanıb.

Xayber-Paxtunxvada qeyri-qanuni yaşayan 300 min Əfqanıstan vətəndaşından könüllü olaraq ölkəni tərk etməyən şəxslər təcridxanalara köçürüləcək.

Pəncab və Bəlucistanda da qeyri-qanuni əfqanların deportasiyası əməliyyatına başlanılıb və onların məlumatları skan edilərək yoxlanılır.

Məlumat üçün qeyd edək ki, Pakistandakı artıq minlərlə sənədsiz əfqan mühacir könüllü olaraq ölkələrinə qayıtmaları üçün son tarix çərşənbə axşamı bitdiyi üçün evlərinə qayıtmaq məqsədilə sərhədə axışıb. Hökumət dünəndən başlayaraq sənədsiz əfqanları həbs edərək yeni saxlama mərkəzlərinə aparmağa başlayıb. Daha sonra onlar Əfqanıstana göndəriləcəklər.

200 mindən çox əfqan mühacir bu ay Xayber-Paxtunxvadakı Torxam sərhəd-keçid məntəqəsi və Bəlucistan əyalətlərindəki Çaman keçidindən könüllü olaraq ölkələrinə qayıdıb.

Minlərlə əfqan qaçqın avtomobilllərində, yük maşınlarında və hətta traktorlarda Əfqanıstana keçid üçün növbə gözləyir və onların sayı artmaqda davam edir.

Pakistan deportasiyaların uzun sürən iqtisadi çətinliklər və transsərhəd silahlı qarşıdurmaların çoxalması fonunda anti-əfqan əhval-ruhiyyəsinin artdığı ölkənin "rifahını və təhlükəsizliyini" qorumaq üçün olduğunu bildirib.