Pensiya kapitalı bu qədər ARTACAQ

10:40 14.11.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son dövrlərdə ölkəmizdə pensiya sisteminə dair müzakirələr yenidən aktuallaşıb. Xüsusilə pensiya fonduna yığılan vəsaitlərin vətəndaş tərəfindən əldə edilə bilməsi məsələsi gündəmə gəlib. Eyni zamanda, yığılan vəsaitlərin illik artım həcmi və pensiya hüquqlarına təsiri də maraq doğurur. Bu mövzu hər kəs üçün vacibdir, çünki hər bir vətəndaşın gələcək maliyyə təminatının əsasını məhz bu fond formalaşdırır. Maraqlıdır, gələn il pensiya kapitalında artım olacaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, hökumət hər il inflyasiya səviyyəsini nəzərə alaraq pensiya kapitalının indeksləşdirilməsini həyata keçirir və bu, əmək pensiyalarının artımını təmin edir: “Pensiya kapitalı hər il əmək pensiyalarının indeksləşdirilməsi ilə paralel şəkildə artırılır. Yəni hökumət inflyasiyaya uyğun olaraq kapitala əlavə dəyər qazandırır. 2025-ci il üçün inflyasiya göstəricisi rəsmi şəkildə təsdiqləndikdən sonra Prezident tərəfindən pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı sərəncam imzalanacaq. Bu addım həm pensiya məbləğlərinin artmasına, həm də yığılan kapitalın dəyərinin qorunmasına xidmət edir”.

İqtisadçı vurğulayıb ki, hazırda Azərbaycanda illik inflyasiya göstəricisi 5,9 faiz səviyyəsindədir: “Əgər bu rəqəm ilin sonuna qədər dəyişməz qalarsa, gələn il pensiya kapitalı da eyni faiz nisbətində, təxminən 5,9 faiz artırılacaq. Bu o deməkdir ki, vətəndaşların fərdi hesablarında toplanan kapitalın dəyəri qorunacaq və real gəlir itkisi baş verməyəcək”.