Pensiya yaşı yenidən ARTIRILIR?

17:23 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Yaxın illərdə pensiya yaşının 65-dən yuxarı qaldırılması ehtimalı yüksək görünmür". Hafta.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli gələn aydan etibarən qadınların pensiya yaşının 65-ə çatdırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

İqtisadçı qeyd edib ki, bu, yeni qərar deyil, 2017-ci ildə başlanmış keçid dövrünün son mərhələsidir:

"Qadınların pensiya yaşının 65-ə çatdırılması yeni qərar deyil. Bu, 2017-ci il iyulun 1-dən qüvvəyə minən "Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, kişilər və  qadınlar üçün pensiya yaşı hər il 6 ay artırılıb. Bu proses kişilər üçün 2021-ci ildə, qadınlar üçün isə 2027-ci ildə 65 yaş həddinə  çatmaqla yekunlaşır”.

Akif Nəsirli xatırladıb ki, hazırda qadınlar üçün pensiya yaşı 64 il 6 aydır:

 
"2027-ci il iyulun 1-dən etibarən bu göstərici 65 yaş olacaq. Artım əvvəlcədən müəyyən edilmiş qrafik üzrə həyata keçirilir və hazırda qüvvədə olan qanunvericilikdə 65 yaşdan yuxarı yeni  yaş həddi nəzərdə tutulmur”.

Ekspert vurğulayıb ki, pensiya yaşının gələcəkdə yenidən  artırılması ilə bağlı rəsmi qanun layihəsi və ya hökumət qərarı mövcud deyil:

"Bununla belə, bəzi ekspertlər dünyada orta ömür uzunluğunun artması, əhalinin qocalması və pensiya sisteminin maliyyə yükünün ağırlaşması kimi amilləri əsas gətirərək gələcəkdə bu mövzunun yenidən gündəmə gələ biləcəyini istisna etmirlər.  Digər tərəfdən, Azərbaycanda əmək bazarının vəziyyəti, işsizlik səviyyəsi, insanların sağlamlıq göstəriciləri və sosial narazılıq ehtimalı belə bir addımın atılmasını çətinləşdirən amillərdir”.

Akif Nəsirlinin fikrincə, 2027-ci ildə keçid prosesi başa çatdıqdan sonra dövlət ilk növbədə həyata keçirilən islahatın nəticələrini qiymətləndirəcək:

"Yalnız uzunmüddətli perspektivdə demoqrafik və maliyyə səbəbləri yaranarsa, pensiya yaşının yenidən artırılması məsələsi müzakirə oluna bilər”. 

Qeyd edək ki, iyulun 1-dən Azərbaycanda qadınlar üçün pensiya yaşı 65-ə çatdırılacaq. Kişilər üçün isə pensiya yaşı dəyişməyərək 65 yaş səviyyəsində qalacaq. Bu artım "Əmək pensiyaları haqqında” Qanuna 2017-ci ildə edilmiş dəyişikliklərə uyğun olaraq həyata keçirilir. Həmin dəyişikliklərə əsasən, qadınların pensiya yaşı 2017-ci il iyulun 1-dən başlayaraq hər il 6 ay artırılıb və proses 2027-ci il iyulun 1-də 65 yaş həddinə çatmaqla yekunlaşacaq.