Perfomansa əsaslanan əməkhaqqı işçilərin sağlamlığına mənfi təsir göstərir

11:58 19.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şotlandiyanın Aberdin Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, performansa əsaslanan təzminat işçilərdə fiziki və psixi sağlamlıq problemlərinə səbəb olur.

Hafta.az-ın “İndependent”ə istinadən yazdığına görə, İngiltərədəki ailələrin sosial-iqtisadi vəziyyəti ilə bağlı ən əhatəli araşdırma olan "Anlaşma Cəmiyyəti" platformasının məlumatlarına əsaslanan araşdırmada yüksək qan təzyiqi, ürək-damar və psixi sağlamlıq problemlərinin olduğu ortaya çıxıb. Bu hallar əməkhaqqı performansa əsaslanan işçilərdə daha çox rast gəlinir.

Tədqiqatda yüksək stresslə əlaqəli olan fibrinogen səviyyəsinin performansla bağlı maaş alan işçilərin qanında artdığı ifadə edilib.

Tədqiqatçılardan biri, Aberdin Universitetinin İqtisadiyyat kafedrasının müdiri, professor Keyt Bender, əvvəlki tədqiqat kimi, bu araşdırmanın da performansa əsaslanan təzminat alan insanlarda fiziki aşınmanın sübutunu ortaya çıxardığını söyləyib.

İşçilərdə performansa əsaslanan maaşların səbəb olduğu sağlamlıq problemlərinə toxunan Bender, xroniki stress və yüksək təzyiqin bu şəkildə işləyən insanlarda, xüsusilə də kişilərdə daha çox görüldüyünü ifadə edib.

Bender, performansa əsaslanan iş yeri müqavilələrinin işçilər üçün mənfi təsirlərini vurğulayıb və işəgötürənləri bu mövzuda lazımi tədbirlər görməyə çağırıb.

Başqa bir tədqiqatçı Daniel Pauell, performansa əsaslanan işçilərin gəlirlə bağlı narahatlıqlara görə daha çox vaxt və səy sərf etmək üçün təzyiq altında olduğunu söyləyib. Sözügedən təzyiqin işçilərdə xroniki stressə səbəb olduğuna diqqət çəkən Pauell, bunun digər sağlamlıq problemləri ilə yanaşı, spirt və narkotik istifadəsi kimi pis meyllərə səbəb ola biləcəyini də sözlərinə əlavə edib.

Araşdırmanın nəticələri “Industrial Relations” jurnalında dərc olunub.