"Peşəkar sürücülər taksi sektorundan uzaqlaşırlar. Mövcud problemin başlıca səbəbi kifayət qədər dayanıqlı iş prinsipinin olmamasıdır. Ona görə normal qaydaları bilən, intizamlı, peşəkar sürücülər bu və digər sahədə işləmək istəmirlər.Yəni, peşəkar sürücü 1000-1500 manat civarında rəsmi əməkhaqqı olan iş istəyir. Taksi şirkətləri isə işlərini bu istiqamətdə qurmayıblar. Tam əks prinsiplə işləyirlər. "Sürücü işləsin, mənə pul versin" deyirlər. Axı, taksi şirkəti peşəkar sürücüyə yaxşı təklif verməlidir ki, həmin sürücü onunla işləməkdə maraqlı olsun".
Bu fikirləri Hafta.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Ekspert hesab edir ki, peşəkar sürücüləri bu sahəyə cəlb etmək üçün rəsmi müqavilə əsasında iş təklif olunmalıdır: “Hər kəs istəyir ki, daimi və rəsmi işə sahib olsun. Normal əməkhhaqı alsın, kiminsə nökəri olmasın. Əgər bu sahədə dayanıqlı iş prinsipi yaradılarsa, peşəkar sürücülər işləməkdə maraqlı olarlar. Çünki ölkədə kifayət qədər peşəkar sürücülər var, sadəcə əmək şəraiti onları qane etmədiyindən bu sahədən uzaqlaşıblar”.