“Peyvəndin birinci dozasını qəbul edənlərdə heç bir narahatlıq baş vermir. İkinci dozanı vurduranlarda temperatur yüksələ bilər. Bu normaldır, bədənə yeridilən vaksinə qarşı orqanizm antitellər hazırlayaraq reaksiya verir. Bəzi insanlarda tərləmə çox olur, bu da normaldır. Həm hava istidir, həm də peyvənd vurulur. İnsanlarımız buna görə narahat olmamalıdırlar”. Bu fikirləri hafta.az-a aşıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova deyib.
Həkim bildirib ki, insanlar arasında qorxu, xof yaradıldığından bəziləri peyvənddən ehtiyat edirlər: “Bu gün saxta pasport alanlar da məhz həmin qorxunun, xofun təsiri ilə vaksinasiyadan yayınırlar. Onlar unutmamalıdırlar ki, bununla bütöv cəmiyyəti təhlükə qarşısında qoyurlar. İnsanlarımızı qorxmamağa çağırırıq. Psixologiyamızı bir qədər düzəldək. Mən deyərdim ki, insanlarda ən birinci xəstəlik qorxudur. Biz ilk növbədə buna qalib gəlməliyik”.