Keçən həftəsonu evdən çölə çıxmamaq qadağasının tətbiqi ilə bağlı qadağalara nəzarət edən polis əməkdaşları vəzifələrini yerinə yetirərkən bəzi xoşagəlməz olaylar yaşandı. Onların üzərinə müxtəlif əşyalar atıldı. Bunun ardınca isə, həmin şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində polisin atdığı addımlara qarşı bəzi şəxslər təxribat yönümlü don geyindirməyə çalışdılar.
Sosial şəbəkələr vasitəsi ilə Azərbaycan polisinə qarşı növbəti "hücum" başladıldı. Yaşanan olaylarda bəzi xoşagəlməz məqamlarla bağlı Daxili İşlər Nazirliyi səviyyəsində araşdırma aparılaraq vətəndaşlara qarşı qanundan kənar hərəkətlərə yol verən polis əməkdaşları müəyyənləşdirildi və cəzalandırıldı. Bununla belə, ölkədə ictimai-siyasi asayişin qorunmasında əsas rol oynayan polisə qarşı bəzi qüvvələr tərəfindən aparılan kampaniyalar səngimir. Bu cür vəziyyət ölkənin ictimai-siyasi təmsilçiləri tərəfindən də kəskin qınanınılır.
Sevinc Fətəliyeva, millət vəkini:
- Hər bir ölkə vətəndaşlarını böhrandan az itki ilə çıxartmaq üçün öz strategiyasını, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və metodlarını tətbiq edir. Hökümətimiz də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail oldu. Əhalinin sağlamlığının qorunması istiqamətində qabaqlayıcı tədbirlərin müsbət nəticə verməsi ilə aprelin 27-dən Azərbaycanda da karantin rejiminin yumşaldılmasına, rejimdən mərhələli şəkildə çıxmağa başlanıldı. Biz özümüzlə, öz birliyimizlə qürur duyduq! Lakin, bəzi insanların məsuliyyətsizliyi və məsələni ciddiyə almaması bu gün rejimin sərtləşməsi ilə nəticələndi. Dəfələrlə müraciət olunmağına baxmayaraq, kimlərsə bu məsələyə səthi yanaşdı və qaydalara əməl etmək məsələsini unutdu. Son nəticə günün reallığıdır. Unutmaq lazım deyil ki, bizlərin hər birimizin məsuliyyətli olması olduqca vacibdir, çünki insan itkisinə səbəb olan hərəklərə yol vermək qəbuledilməzdir və acı sonluqdur. Hər bir vətəndaş şəxsi məsuliyyətini hiss etməli, Operativ qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Çox təəssüf edirəm ki, bəzi insanlar tərəfindən hər birimizə məlum olan məsələlər baş verdi və ədalətsiz münasibətin şahidi olduq!
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Azərbaycan polisi hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır və dünən biz bunu onların fəaliyyətində, insanlara olan münasibətində bir daha şahid olduq. Onlar vəzifə borclarını yerinə yetirməkdən əlavə hər bir kəsə övlad, qardaş münasibəti sərgilədilər.
İndi Azərbaycan polisinin işi təkcə insanları cinayətkardan yox, həm də öz məsuliyyətsizliyindən qorumaqdır. Xüsusi karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyən polislərimiz təmkinlə, səbrlə insanları maarifləndirmə işləri aparırılar. Qanun qarşısında hər kəs eynilik daşıyır və bu qaydalara əməl etməyən, buna ciddi yanaşmayan kəslər sözsüz ki, etdiyi əməlin qanuni cavabdehliyini daşımalıdır. Baş verənlər, öz vəzifəsini icara edənlərə qarşı sərt münasibət və qeyri-etik davranış sərgiləmək heçdə xoşagələn deyil və ürəkacan mənzərə yaratmır. Vətəndaşlarımız həyata keçirilən tədbirləri anlayışla qarşılamalıdır. Məqsəd yalnız və yalnız vətəndaşlarımızı, insanlarımızı qorumaqdır. Bunu başqa məcraya yönəltmək, mənasız mülahizələr yürtmək zamanı deyil ! Birlik nümayiş etdirməliyik, həm maddi, həm mənəvi müstəvidə. Tövsiyələrə sözsüz əməl edilməlidir . Azərbaycan bu imtahandan üzüağ çıxmalıdır, virusa həmrəyliyimiz, birliyimizlə qalib gəlməliyik. Bunun üçün isə koronavirusun təhlükəli bir epidemiya olduğunu qəbul etmək və lazımi tədbirlərin həyata keçməsində bir-birimizə dəstək durmalıyıq.
Kamal Cəfərov, millət vəkili:
- Kimliyindən asılı olmayaraq hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir. Epidemiya insanların səbrini tükədib. Amma vətəndaş da qəbul edilən qaydalara əməl etməli, cərimədən yayınmaq üçün yox, sağlamlığını qorumaq, yaxınlarının və ictimaiyyətin ümumi rifahı naminə tibbi maska taxmalıdır. Ümumiyyətlə isə cəmiyyətdə qəribə inamsızlıq hissi var, baş infeksionist hələ mart ayında deyəndə ki, ölkədə hələ koronavirus yoxdur, hamı dedi ki, var, gizlədirlər. İndi deyir ki, koronavirus var, hamı deyir ki, uydurmadır. Dövlət koronavirusla mübarizəyə 3 milyard manata yaxın yardım vəsaiti ayırıb, deyirlər ki, yeni cərimə ilə büdcə gəlirlərini artırmaq istəyirlər. Belə nümunələr çoxdur.
Karantin dövründə həkimlərlə yanaşı ən çətin iş polislərin idi. Polis kifayət qədər peşəkar və səbrli xidmət göstərib. Elə ən çox riskə məruz qalan da polislər olub. Gecəsini gündüzünə qatıb, hamı kimi ailəsi ilə vaxt keçirmək əvəzinə ictimai aşayişi qoruyanda da Azərbaycan gəncləri, polisləri olub.
Hesab edirəm ki, bütün qanun pozuntularına yalnız hüquqi qiymət verilməlidir. Misal üçün Yasamal rayonunda gənc polisin Gülər xanıma qarşı işlətdiyi ifadələr etik davranış qaydalarına zidd idi. Hüquqi qiymət verildi. Daxili İşlər nazirinin əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olundu. Əlbəttə, bu hüquqi proses davam edir. Misal üçün Gülər xanım vəkillə təmin edilib, hüquqları müdafiə olunur, onun vəkilinin sözlərinə görə yaxın günlərdə həbslə bağlı qərardan apelyasiya şikayəti veriləcək. Bütün bunlarla yanaşı düşünürəm ki, sonuncu 2 günlük sərt karantin dövründə ümumilikdə vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər. Hər iki tərəf nümunəvi davranıb. Epizodik pozuntular da olub. Nəticə odur ki, vətəndaşa münasibətdə etik davranış qaydalarını pozan polis də cəzalandı, qanunu pozan vətəndaş da. Belə hüquqi proseslər bütün hüquqi və demokratik dövlətlərdə baş verir.
Naqif Həmzəyev, millət vəkili:
- Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, ölkədə ictimai asayişin, təhlükəsizliyin mühafizəsi, əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Azərbaycan polisinin böyük vətəndaşlıq məsuliyyətini, cəsarətini hər zaman yüksək qiymətləndirən Ulu öndərimiz Heydər Əliyev polisin Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqan olduğunu qeyd edib.
Koronavirus pandemiyasının bəşəriyyəti sınağa çəkdiyi günlərində, pandemiya dövründə fəaliyyəti ilə ən çox yadda qalan, nümunə sərgiləyən, vətəndaşın yanında olan peşə sahiblərindən biri də Azərbaycan polisi oldu.
Cəsarətli tibb işçilərimiz, könüllü gənclərimiz, hərbi qulluqçularımızla yanaşı polis əməkdaşları da fəalliyyətləri, nümunəvi davranışları ilə soydaşlarımızın təhlükəsizliyi keşiyində ayıq-sayıq dayandılar. Vətənimizin təhlükəsizliyi, insanların sağlamlığının qorunması naminə hər kəsin birlik olduğu, yenilməzlik nümayiş etdirdiyi zamanda Azərbaycan polisi fədakarlıq nümayiş etdirdi. Hər an koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qalan şərəfli peşə sahibləri ciddi rejimdə tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Onlar bu ağır, çətin günlərdə həyatlarını təhlükə altına alaraq, daim vətəndaşların təhlükəsizliyi keşiyində dayandılar.
Azərbaycan polisi yağışın,soyuğun, küləyin, qızmar günəşin yaratdığı narahatlıqlara məhəl qoymadan vəzifə borclarına sədaqət nümayiş etdirdilər.Yolda qalanın, yardıma ehtiyacı olanın, xəstə insanların ilk köməyinə çatan polislərimiz oldu. Onları əhalinin ən həssas təbəqəsinə zəruri ərzağın, xəstələrə tibbi ləvazimatların, dərmanların çatdırılmasında ön sıralarda gördük. Koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işlərində də polislərimizin fəaliyyəti əvəzsiz oldu. Polisin vətəndaşlarla kobud davranışının şahidi olduğumuz bəzi demokratik ölkələrdən fərqli olaraq Azərbaycan polisi bəzən vətəndaşlarımızın haqsız rəftarı qarşısında belə nəzakət nümayiş etdirdilər, yüksək peşəkarlıqla humanist mövqe sərgilədilər. Məhz bunun üçün hər bir vətəndaş onu qoruyan, onun təhlükəsizliyini təmin edən polis əməkdaşını gördükdə özünü güvəndə hiss edir.