Polşa Baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski Varşavada fransalı həmkarı Jan-Noel Barro ilə birgə mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
Hafta.az yazır ki, Sikorski Rusiyanın Polşa və Fransaya qarşı hibrid müharibə apardığını iddia edərək, "Moskvanın vacib infrastrukturu hədəf aldığını, dəmir yollarına qarşı yanğın və təxribat həyata keçirdiyini və Putinin rəqiblərini öldürmək üçün ölüm dəstələri göndərdiyini" bildirib.
Sikorski daha sonra qeyd edib ki, "Vaqner qrupu Afrikadakı müttəfiq hədəflərinə hücum edir, Rusiya İslam əleyhinə əhval-ruhiyyəni artırmaq üçün donuz başlarından istifadə edərək təxribatlar törədir".
Jurnalistin Polşa torpağında mümkün təxribatlar barədə sualına cavab olaraq Sikorski bildirib: "Rusların nəsə planlaşdırdığına dair etibarlı məlumatlara sahibik. Bunu bildiyimizi açıq şəkildə demək, onları bu cəhdlərdən effektiv şəkildə çəkindirmək istəyirik".
Sikorski xatırladıb ki, Rusiya Ukraynaya genişmiqyaslı müharibəyə başlamazdan əvvəl hücumu qanuniləşdirmək üçün təxribatlar həyata keçirməyi planlaşdırırdı. "O vaxt ABŞ kəşfiyyatı bu barədə xəbərdarlıq etmişdi və bu, Rusiyanın həmin təxribatları həyata keçirməsinin qarşısını almışdı", - o deyib.