Azərbaycanda pul bazası çoxalıb. Belə ki, 2024-cü il yanvar ayının 1-nə ölkədə pul bazası ötən ilin dekabr ayının 1-nə nisbətən 13.9 faiz və ya 2.5 milyard manat artaraq, 20 milyard 875.2 milyon manata yüksəlib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə pul bazası ötən ilin əvvəli ilə müqayisədə 18.3 faiz və ya 3.4 milyard manat artıb.
Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Bəs, görəsən, pul bazarında artımın səbəbi nədir? Bunun hansı müsbət və mənfi tərəfləri var?
Məsələni qəzetimizə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, pul bazası Mərkəzi Bankın dövriyyəyə buraxdığı pul, manat həcmidir: “Mərkəzi Bank bazardakı pul kütləsinin həcmini mütəmadi olaraq tənzimləyir.
Məsələn, bazarda nəzərdə tutlduğundan artıq pul kütləsi olanda tənzimləyici qurum dərhal müdaxilə edir. Pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir”.
Ekspert vurğulayır ki, əgər dövriyyədə həmin pula uyğun kifayət qədər mal varsa, bu halda heç nəyə təsir etmir: “Əksinə, dövriyyədə olan malların, xidmətin həcmi azalırsa, ancaq pul bazası çoxdursa, bu, qiymət artımına aparacaq. Buna görə də Mərkəzi Bankın siyasəti ondan ibarətdir ki, optimallaşma aparsın. Yəni elə etməlidir ki, balans pozulmasın. Eyni zamanda, qiymət artımının qarşısını almalıdır. Statistikaya baxsaq görərik ki, ötən ilin əvvəlində pul bazası 16 milyard 885 milyon manat olub. Noyabrda isə18 milyard 334 milyon manat təşkil edib. 2024-cü il yanvar ayının 1-nə ölkədə pul bazası ötən ilin dekabr ayının 1-nə nisbətən 13.9 faiz və ya 2.5 milyard manat artaraq 20 milyard 875.2 milyon manata yüksəlib, çünki ilin sonuna xərclər çoxalmışdı. Prinsipcə, pul gərək çox olsun ki, iqtisadi aktivlik baş versin. Bu gün Mərkəzi Bank istəsə, qiymət artımı baş verməz. Pul bazasını sıxar, azaldar. Banklara kredit az verər, faizi yüksəldər. Bankların Mərkəzi Bankda saxlanılan məcburi ehtiyat normasını artırar, dövriyyədə pulu kəskin şəkildə azaldar və bildirər ki, qiymət artımının qarşısını aldım. Ancaq bu, bizə lazımdırmı? O zaman Azərbaycanda iqtisadi akivlik olmayacaq. Əslində, indiki pul bazarı çox deyil, elə kəskin artım da yoxdur. Yəni, bu artım ölkədə inflyasiya riski yaratmır”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli vurğulayır ki, bazarda pul kütləsinin artması bir sıra amillərdən asılıdır: “Keçən illərlə müqayisədə Azərbaycanın dövlət büdcəsi artıb. Büdcə artdıqca pul kütləsi də çoxalır. Yəni, insanların əməkhaqqı, pensiyası artırsa, bunun üçün pul kütləsi də lazımdır. Təbii ki, bazarda pul kütləsinin çox olması iqtisadiyyatın stimullaşdırılması deməkdir. Bu hal iqtisadi aktivliyi dəstəkləyən faktordur, amma bir tərəfdən də inflyasiyanı dəstəkləyir”.