Putinin Krımdakı nümayəndəsi Sergey Aksyonov silahlı şirkət yaradıb

11:45 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krıma təyin etdiyi lider Sergey Aksyonov muzdlu silahlı şirkət “Vagner”dən ilhamlanaraq “Konvoy” adlı silahlı şirkət qurub.

Hafta.az-ın "Babel"ə istinadən yazdığına görə, "Konvoy"un silahlılarından biri deyib ki, bu, Aksyonovun özünün muzdlu şirkətidir, lakin bütün komanda keçmiş “Vagner” döyüşçülərindən ibarətdir. Qrup yaradıldıqdan dərhal sonra meşəlik ərazidə hədəfi vurma, səngər qazma və mina basdırma təliminə başlayıb. 

Məlumata görə, "Konvoy"un rəhbəri Madaqaskar və Mərkəzi Afrika Respublikasında xidmət etmiş keçmiş "Vagner" döyüşçüsü Konstantin Pikalovdur. Pikalovun "Vagner"in yaradıcısı Yevgeni Priqojinin sağ əli olduğu da irəli sürülüb.

"Konvoy" şirkətinin Rusiya hərbi ehtiyatının bir hissəsi olduğu iddia edilir. Müvafiq olaraq, şirkətə qoşulmaq istəyən döyüşçülər həm "Konvoy", həm də Rusiya Müdafiə Nazirliyi ilə ayrı-ayrı müqavilələr bağlayır.

"Konvoy"da qısa müddət çalışıb getdiyini deyən və kimliyini açıqlamayan şəxs aylıq 200 min rus rublu ödəniş aldığını və bu məbləğin hazırda 300 minə yüksəldiyini iddia edib. O, 1 il Aksyonovun şirkətində döyüşən insanlara Krımdan və ya Abxaziyadan torpaq vəd edildiyini də deyib.

"Konvoy"da 300-ə yaxın döyüşçünün olduğu bildirilib. Onların bəzilərinin Ukrayna müharibəsi zamanı Krımın qonşusu olan Xerson bölgəsinə yerləşdirildiyi iddia edilsə də, cəbhədə neçə döyüşçünün olması barədə məlumat yoxdur.

Kremlə yaxın mənbələr və Rusiya kəşfiyyatı "Bloomberg"ə verdikləri açıqlamalarda prezident Vladimir Putinin "Vagner"in Ukrayna cəbhəsindəki fəaliyyətinə əvvəlki kimi xoş münasibət göstərmədiyini müdafiə edib. Rusiya ordusunun yüksək çinli komandirlərinin "Vagner"i müharibədən uzaqlaşdırmağa çalışdıqları da iddia edilir. Mənbələr bildiriblər ki, "Vagner"in lideri Ukrayna cəbhəsində yaşadığı çətinliklər və onunla Kreml arasında yaranmış gərginlik səbəbindən gələcəkdə Afrikadakı fəaliyyətini gücləndirmək niyyətindədir.

"Vagner"ə bağlı muzdlular Liviya, Mali, Sudan və Mərkəzi Afrika Respublikası da daxil olmaqla Afrikanın ən azı 10 ölkəsində fəaliyyət göstərirlər.

Oxunma sayı 190