Hər il noyabr ayının son cümə günü bütün dünyada “black friday” yəni “qara cümə”adı altında məhsullara xüsusi endirimlər təşkil edilir. “Qara cümə” tendensiyasına çılğın endirimləri ilə qoşulan ölkələrdən biri də qardaş Türkiyədir. Son illərdə isə bu ənənə Azərbaycana da gəlib. Amma bir az başqa formatda. Alıcılar 50-70 faizlik endirimlərin həqiqəti əks etdirmədiyinə öyrəşiblər. Paytaxtın bəzi mağazaları həmin gün üçün endirimlər edir, ancaq bu, kütləvi xarakter daşımır. Endirimlər adətən simvolik xarakter daşıyır - cəmi 10 faiz civarında olur.
Bəs görəsən, yüksəkfaizli endirimlərin tətbiq olunması mağazalara iqtisadi baxımdan nə cür təsir edir? Xüsusi endirim günləri insanları alış-verişə təşviq edərkən onların psixologiyasına nə cür yansıyır? Ümumiyyətlə, belə günləri səbirsizliklə gözləməyin əsas səbəbləri nələrdir? Sosial vəziyyət, yoxsa?..
Bütün bu suallara aydınlıq gətirmək üçün əməkdaşımız mütəxəssislərə müraciət etdi.
Suallarımızı ilk övcə iqtisadçı ekspert Xalid Kərimli cavablandırdı. Onun sözlərinə görə, endirim kampaniyalarında iştirak edən şirkətlərin iki məqsədləri olur.
Birincisi, artıq mövsümü keçən, ehtiyatlarında çox olan məhsulları daha ucuza satıb məhsul dövriyyəsini artırmaq, digəri isə brendin tanıtım reklam məsələləridir:
“Endirim olanda alıcılar həvəslə mağazalara axışırlar, beləcə brendin reklamı da getmiş olur. Həm də seçilmiş mallara endirim edilərək digərlərinin satışını həyata keçirə bilirlər.Tətbiq olunan endirimin faiz göstəricisinə gəldikdə isə deyə bilərəm ki, bu sırf şirkətlərin qərar verəcəyi məsələlərdir. Çox endirim verən mağaza ya əvvəldən buradan çoxlu qazanc götürüb, indi isə məhsulu maya dəyərinə satmaq istəyir, ya da ziyana satır”.
“Niyə bu endirimlər bəzi hallarda yalançı xarakter daşıyır?” sualımıza ekspertin cavabı belə oldu:
“Əslində yalan informasiya vermək qanun pozuntusudur. Şişirdilmiş formada təqdim edilən reklamlar alıcıları cəlb etmək üçün nəzərdə tutulur. Diqqətli alıcı isə endirim olub-olmadığını müəyyənləşdirə bilir”.
İqtisadçı deyir ki, 50-70 faizlik endirim kampaniyaları dayanıqlı ola bilməz. Sahibkarlar rəqabətli mühitdə məhsulun üzərinə 20-25 faizdən çox qazanc qoya bilmirlər. Ona görə də davamlı kampaniya gözləmək sahibkarı müflis etmək arzusudur.
Növbəti həmsöhbətimiz olan psixoloq Gülər Məmmədova isə hesab edir ki, insanların alış-verişlə bağlı düşüncələri fərdilik təşkil edir. Hər kəs geyimə, məişət əşyalarına fərdi şəkildə dəyər verir. Ona görə də “qara cümə” hər kəsin psixologiyasına fərqli təsir göstərir:
“Bir qisim insan bundan zövq alır. Müəyyən enerji və maddiyyat sərf edərək onları əldə edirlər. Bəzi şəxslər onlara çox adi yanaşır. Başqa bir hissə isə çox yüksək frekanslı düşüncələrə malik olaraq, daim hər şeyin ən yaxşısını, ən qiymətlisini istəyir. “Qara cümə” dediyimiz anlayış isə insanların maddiyyatına ciddi təsir edən gündür. Əksər insanlar həmin gün uzun müddət arzusunda olub ala bilmədiyi geyimi əldə edə bilir. Qeyd edim ki, bəzi insanlara bu, psixoloji təzyiqdir. Bu prosesə o insanlar daha çox inanır ki, onlar məqsədlərinə çatmaq üçün müəyyən günləri gözləyir, əldə etdiyindən böyük zövq alır. Hər kəs öz təfəkkür potensialına uyğun olaraq hadisələri analiz edir. Buna görə də insanları müəyyən səviyyələrə bölüb nəsə deyə bilmərik. Hər kəs hadisələri öz psixologiyasına uyğun olaraq dəyərləndirir”.
Mövzunun insanların sosial həyatı ilə bağlılığına gəldikdə, bu barədə məlumat verən Sosial Araşdırmalar Mərkəzinin sədri Nail Cəlil bildirdi ki, "qara cümə" kampaniyasına marağın artması son aylarda baş verən tədrici bahalaşma və infilyasiyanın bir qədər artması ilə birbaşa bağlıdır:
“Bu, təbii ki, əhalinin sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərir. Belə şəraitdə müxtəlif güzəştlərə, o cümlədən, məhsulların güzəştli satışının təşkil edildiyi "qara cümə"lərə tələbat artır. Bunun başlıca səbəbi odur ki, qiymət artımı şəraitində müəyyən məhsulların süni artımı yaranır. Məhsul satılmır, xüsusi zərurət olmadıqda kimsə onu almaq istəmir. İstənilən qiymət artımı aşağı və orta təbəqələrə birbaşa təsir edir, insanların çoxunun büdcəsinə uyğun deyil. Digər tərəfdən, belə vəziyyət insanları qiymətlərdə güzəştlərin edildiyi məkanlara, günlərə - "qara cümə"lərə yönəldir. Onlarda belə güzəşt kampaniyalarından faydalanmaq istəyi, necə deyərlər, "qara cümə"lərdən mənəvi, iqtisadi, psixoloji asılılıq yaradır.Tədricən belə vəziyyət özünəməxsus sosial dinamiklik yaradır. Ehtiyacı olan insanlar bunu dəbə və normaya çevirirlər. Başqa sözlə, "qara cümə"lərdən faydalanaraq, sosial çətinliklərini qismən də olsa, həll etməyə çalışırlar”.
Sədr deyir ki, adətən, belə kampaniyaları böyük müəssisələr, iri marketlər təşkil edirlər. Belə güzəştlər kütləvi istehsal edilən, gündəlik tələbat doğuran və nisbətən tez xarab olan məhsullara daha çox tətbiq edilir. Kiçik mağazaların burada iştirak payının artmasına gəldikdə, onlar bununla mümkün ziyandan xilas olmağa, risk səbətinə daxil məhsulu güzəştli satıb gəlir əldə etməyə, daha çox müştəri cəlb edib daha çox qazanmağa səy göstərirlər.
Görünən odur ki, qara cümə işbazlar üçün fürsət yaradıb. Bəs görəsən, bu adla saxta endirim kapmaniyaları tətbiq edən mağazaların daha çox populyar olduğu bir vaxtda əsl endirimlərdən necə yararlanmaq olar? Ölkəmizdə hansı mağazalar həqiqi təkliflər irəli sürür?
Bu suallara isə aydınlığı Marketoloq Bəylər Əlizadə gətirdi. Bildirdi ki, "Black Friday"i bir çox şirkətlər "aldatmaq" məqsədi ilə istifadə etsələr də, bundan düzgün şəkildə yararlananlar da var.
Məqsəd fərqli ola bilər. Siz bu fürsəti yeni məhsulunuza diqqət çəkmək üçün də xərcləyə bilərsiniz, stokda qalan malınızı əritmək üçün də, qısa zamanda məhsul satıb müəyyən qazanc əldə etmək üçün də:
“Düşünürəm ki, ölkəmizdə "Black Friday" zamanı ən aktiv şirkətlər elektronika sektorunda olur. Son dövrlər bəzi şirkətlər bu kampaniyanı digital satışlarını artırmaq, müştəridə onlayn vərdişləri yaratmaq üçün də istifadə edir. Şirkətdən asılı olaraq hər bir yanaşma düzgün sayıla bilər. Fikrimcə bu il də digitala yönləndirmə böyük şirkətlərdə daha çox olacaq. Ən əsası şirkətlər bu xüsusi günə həmin gün deyil erkən başlamalıdırlar. Yalnız o halda müştəriləri aldatmadan, məqsədlərinə xidmət edən düzgün təkliflər verə bilərlər”.
Qeyd edək ki, "qara cümə" ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan, Şükran günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Buna baxmayaraq, "qara cümə" termini son onilliklərə qədər elə də geniş yayılmamışdı. “Qara cümə” günü bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir, və mağazaların açılışı çox erkən saatlara, bəzən də gecəyarısına təsadüf edir. Bəzi hallarda mağazalar endirimləri Şükran günü axşam saatlarında başladır. Həmin gün məşhur şirkətlər öz məhsullarını 80% güzəştlə satır.
"Qara cümə" ABŞ-dan başqa daha bir neçə ölkədə keçirilir. 2013-cü ilin dekabrın 6-dan Rusiyada həyata keçirilən bu tədbiri ABŞ-dan fərqləndirən əsas xüsusiyyət odur ki, burada güzəştli məhsullar, əsasən, internet vasitəsilə həyata keçirilir. “Qara cümə” rəsmi bir tətil deyil, lakin həmin gün Kaliforniya da daxil olmaqla, Amerikanın digər bir neçə ştatında hökumət işçiləri üçün "Şükranlıqdan sonrakı gün" adı altında qeyri-iş günü elan edilib. Məktəblərdə isə həm Şükran günü, həm də ondansonrakı cümə tətil elan olunur, bu da şənbə və bazar da daxil olmaqla, dörd günü əhatə edən bir həftəsonu mənasını verir. Belə olduqda, “qara cümə” bu dördgünlük tətil müddətində davam edir, bununla da potensial alıcıların sayı artmış olur.
2005-ci ildən etibarən “qara cümə” ABŞ-da ilin ən işlək alış-veriş günü adını almışdır.