Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qaradağ rayonunda tədbir keçirilib. Öncə Ulu öndərin abidəsi ziyarət edilib.
Hafta.az-ın yazdığına görə, Heydər Əliyevin abidəsini ziyarət mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, şəhid ailələri, qazilər, əsgərlər, rayon ziyalıları, ümumilikdə 5 minədək sakin iştirak edib.

Daha sonra Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayan dəyirmi masanı giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixinə müstəqil dövlətçiliyin siyasi, iqtisadi əsaslarını yaradan, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən şəxsiyyət kimi düşüb. Heydər Əliyevin sayəsində Azərbaycan aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilib, Sovetlər dövründə bütün sahələrdə ən qabaqcıl respublika olub. İkinci dəfə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə gələn dahi şəxsiyyət qısa zaman kəsiyində ölkədə hökm sürən xaos və özbaşınalığa son qoyub, qlobal layihələrin əsasını yaradıb. Həmin əsaslar üzərində Prezident İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxararaq ona bölgədə və dünyada ən nüfuz qazandırıb. İllərlə problemə çevrilən Dağlıq Qarabağ münaqişəsinə son qoyub, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam təmin edib.

Milli Məclisin deputatı Səbinə Xasayeva, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, YAP Qaradağ RT-nin sədri Qafar Əliyev öz çıxışlarında Ulu Öndərin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlərdən, ölkəmizin inkişafına verdiyi töhvələrdən geniş söhbət açıblar.

Daha sonra Qaradağ RİH-nin şöbə müdiri, məşhur 91-lərdən Munis Bayramov çıxış edərək, Ulu Öndərin milli-mənəvi irsimizə göstərdiyi diqqət və qayğıdan danışdı, onun yaradıcı insanlara – şairlərə, yazıçılara, rəssamlara, heykəltaraşlara və digər sənət adamlarına səmimi münasibətini, tarixi kökümüzə həssaslıqla yanaşdığını qeyd edib, YAP-ın yaranmasında və inkişafında müstəsna xidmətlərindən danışdı. Yekunda layiqli varis, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ənənələrinə sadiq qaldığını və ata vəsiyyətini yerinə yetirərək Vətən Müharibəsində zəfərə imza atdığını bildirib.

Sonda Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov tədbiri yekunlaşdıraraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşüb, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib. Ulu Öndərimizin uzaqgörənliyi və müdrikliyi onu dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəldib.