Qaradağda “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib

15:35 13.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkilləri Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi ziyarət olunub.

Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyətinin başçısı S.Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 29 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. "Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindədir", - deyib S.Mikayılov.

Daha sonra çıxış edən millət vəkili A.Hüseynov 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirib. Qeyd edib ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edib. "Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü", - o, deyib.

Millət vəkili S.Xasayeva çıxış edərək bildirib ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

YAP Qaradağ rayon təşkilatının sədri Q.Əliyev də çıxış edərək bildirib ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. "Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir", - Q.Əliyev deyib.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxışında qeyd edib ki, Heydər Əliyev dünya qlobal siyasət paralel və meridianlarının ekvator mərkəzi idi. O deyib ki, bu gün də dünyanın Ulu Öndərə ehtiyacı var və fəxr edir ki, 91-lərin biri kimi onun da müəyyən xidmətləri olub.

Digər çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə müvəkkili işlədiyindən, keçmiş xatirələrindən danışıb.

Tədbirin sonunda Qaradağ RİH-nin başçısı S.Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında iştirakına, mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup rayon icttimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.